Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrindən narazılıqlar var. Müxalifətdə olan "Çiçəklənən Ermənistan" Partiyası bəzi seçki məntəqələrində səslərin yenidən sayılması üçün rəsmi müraciət edəcəyini bəyan edib.

“AzPolitika” erməni mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın seçki qərargahı məlumat yayıb.

Partiyanın mətbuat katibi İveta Tonoyan bildirib ki, partiya səsvermə zamanı qeydə alınan qanunsuzluqların üzə çıxarılması üçün bütün hüquqi vasitələrdən istifadə edəcək: "Hazırda səslərin yenidən sayılmasının tələb ediləcəyi konkret seçki məntəqələri dəqiqləşdirilir, ayrı-ayrı qanun pozuntularından və qərarlardan şikayət etmək üçün hüquqi əsaslar müzakirə olunur".

İ.Tonoyan onu da əlavə edib ki, seçki prosesi zamanı kütləvi qanun pozuntuları müşahidə olunub və bu səbəbdən partiya seçkilərin yekun nəticələrini ümumiyyətlə tanımamaq və onlardan məhkəməyə şikayət etmək variantını da istisna etmir.

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin rəsmi nəticələrə görə, oliqarx Qagik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası parlamentə keçmək üçün tələb olunan minimum baryeri aşa bilməyib.

Partiya ölkə üzrə ümumilikdə 58 378 səs toplayıb ki, bu da ümumi səslərin 3,996%-i deməkdir. Partiyanın parlamentə düşməsi və 4 faizlik baryeri keçməsi üçün cəmi 0,004%-lik səs faizi çatmayıb. Siyasi ekspertlər bu qədər cüzi fərqin müxalifət düşərgəsində ciddi şübhələr və etiraz dalğası yaratdığını bildirirlər.

“AzPolitika.info”