Hər kəsin uşaqlıqdan qurduğu bir xəyal, olmaq istədiyi bir peşə var. Zaman keçsə də, o arzular insanın yaddaşında yaşayır. Amma həyat bəzən insanı xəyal etdiyi yoldan fərqli istiqamətə aparır və seçimlər dəyişir.
Bəs tanınmış yazarlarımız uşaqlıqda hansı peşənin sahibi olmağı arzulayıblar? Əgər yazıçı və ya şair olmasaydılar, özlərini hansı sahədə görərdilər?
“AzPolitika” mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Yazıçı Elçin Hüseynbəyli: “Uşaqlıqda mən detektiv, yaxud ona bənzər ədəbiyyat oxuyurdum. Cümşüd Əmirovun “Qara volqa” əsəri yadımdadır. Mənə çox təsir etmişdi. O zamandan indiki dildə detektiv, bizim dövrümüzdə deyildiyi kimi, “çekist” olmaq istəyirdim. Hətta kəndimizdə, məktəb yolunda şübhəli adamlar görəndə onları bir müddət izləyir, düşməni tərk-silah edir, özümdən qəhrəman obrazı düzəldirdim. Böyüyəndən sonra da o peşənin sahibi olmağı arzulayırdım, hətta Moskvada təhsil alarkən DTK-nın F.Dzerjinski adına Ali Məktəbinə də daxil olmaq fikrim vardı - ikinci ali təhsil kimi. Sonradan öyrəndim ki, bunun üçün müəyyən şərtlər lazımdır. Ona görə də mümkün olmadı. Mənə elə gəlir ki, həm daxildə yaxşı detektiv, həm də xarici ölkələrin birində uğurlu rezident ola bilərdim. Diplomat olmaq da fikrimdən keçib. Ancaq bir çatışmazlığım var: yaxşı diplomat olsam da, pis icraçıyam, çünki düşündüklərimi deməyi xoşlayıram. Gənclikdə hamı kimi mən də futbolçu olmaq istəmişəm, hətta bir müddət Moskva Dövlət Universitetinin futbol komandasına da dəvət edilmişəm, amma bir neçə məşqdən sonra imtina eləmişəm, çünki o gərginliklə təhsil bir araya sığmırdı, çox yorulurdum. Yazıçı olmaq isə həmişə canımda olub. Uşaqlıqdan şeir, hekayə, məqalə yazmışam. Nəhayət, bu peşəni tale yolu kimi seçmişəm. Deməli, yazıçılıq mənim taleyimmiş”.

Yazıçı Varis Yolçuyev:“İlk dəfə böyüyəndə kim olacaqsan sualını mənə 5 yaşım olanda bağça müəllimim Valentina Filippovna veribdir. Uşaqlığımla bağlı ən əsas fraqmentlər kimi bu da yadımdadır. Demişəm, BMT-nin baş katibi. Eşitmişdim ki, ən böyük vəzifə budur”.

Yazıçı, şair Sevinc Elsevər: “Mən uşaq vaxtı kinorejissor olmaq istəmişəm. Bu arzum pis adamların ucbatından daşa dəyib. Hitler kimi qəzəbliyəm. Və qəzəbim keçmir. (gülür) Kinoşünas olmuşam. İndi deyirəm ki, yaxşı olub rejissor olmamışam, onda daha çox ürəyim partlayardı. Yaradıcılıq enerjisini yazmaqla çıxartdım. Qələm belədir ki, öz başın, öz əlin. Nə vaxt istəyirsən yazırsan. Pul oldu yazırsan, olmadı, yenə yazırsan. Qələmdən azad nə var? Rejissorun dərdi çoxdur! Yazıçı olmasaydım, yəqin rejissorluqla məşğul olardım necəsə. Üçüncü kursda oxuyanda qısa bir film də çəkmişəm. Baş rollarda tanınmış yazarlar. Sadəcə yazı-pozuyla kompensasiya elədim. O arzunu basdırdım”.

Yazıçı, şair Cəlil Cavanşir: “Uşaqlıq arzum əvvəlcə həkim, sonra hüquqşünas olmaq idi. Zamanla bu istəklərim dəyişdi, hərbi xidmətdən sonra tərcüməçi olmağa qərar verdim. Bu sahədə də təhsil aldım. Ya zəlzələdən, ya vəlvələdən uzun illər jurnalistika ilə məşğul oldum. Daha sonra da xeyli müddət redaktor və tərcüməçi kimi fəaliyyət göstərdim. Hazırda marketinq sahəsində fəaliyyət göstərirəm. Yaradıcılıqla bağım hazırda nə vaxtsa yazdıqlarımdır. Onları da unutmağa çalışıram. Yəqin imkanım olsaydı yenə olsa yenə keçdiyim yolu keçmək istərdim”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər