"Moskva-Simferopol" qatarının vurulması və Rusiyanın cənubundakı Novorossiysk, Anapa, Gelencik kimi kurort zonalarına pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumları Ukrayna müharibəsində yeni mərhələnin göstəricisidir.
Yaranmış vəziyyəti yerli mediaya şərh edən hərbi analitik Mixail Pritulanın fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın təchizat xətlərinə, xüsusən də dəmir yollarına endirdiyi zərbələr Krım yarımadasının faktiki blokadasının başladığını göstərir: " Artıq yarımadada yanacaq qıtlığı və mağazalarda boş rəflər müşahidə olunur. Heç kim Krımı hərbi yolla, yəni qanlı hücumlarla almayacaq. Təchizat yolları kəsilir və yarımada tamamilə qansız bir yolla yenidən Ukraynaya birləşdiriləcək. Bu, Kiyevin strateji cəhətdən tamamilə doğru planıdır".
Pritula həmçinin Rusiyanın raket texnologiyasındakı qüsurlara və Ukraynanın "Lima" radioelektron mübarizə (REM) sisteminin effektivliyinə diqqət çəkib. Onun sözlərinə görə, Ukraynanın REM sistemləri Rusiyanın "Xəncər" ("Kinzhal") raketlərinin naviqasiyasını pozaraq onları sıradan çıxarır.
Cəbhədəki və arxadakı problemlərə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə birbaşa danışıqlardan imtina edir. Lakin politoloq Dmitri Oreşkinin sözlərinə görə, pərdəarxası təmaslar artıq baş tutub və bu missiyanı milyarder Roman Abramoviç yerinə yetirib.
Oreşkin qeyd edir ki, Abramoviç Kiyevə şəxsi təşəbbüsü ilə yox, Kremlin tapşırığı ilə gedib. O, Zelenskinin şərtlərini Putinə çatdırsa da, bu təkliflər Rusiya Prezidentinin xoşuna gəlməyib. Rusiya qapalı kanallarla gələn təklifləri rədd etdikdən sonra, Zelenski sülh təklifini açıq məktub şəklində bəyan edib.
Oreşkin bildirir ki, Putin bağlı qapılar arxasında danışıqların niyə ictimailəşdiyindən şikayətlənsə də, artıq küncə sıxışıb və açıq şəkildə cavab verməyə məcbur qalıb.
Politoloq Dmitri Oreşkin vurğulayır ki, bu diplomatik və hərbi gedişlərdən sonra beynəlxalq ictimaiyyətə hər şey bəlli oldu: Zelenski sülh təklif etdi, Putin isə imtina etdi. Ekspertin fikrincə, yaxın gələcəkdə Rusiyanın daxilinə zərbələr artdıqca, informasiya və siyasi fon getdikcə daha çox Zelenskinin xeyrinə dəyişəcək.
Rasim
“AzPolitika.info”

Şərhlər