Ukrayna ölkənin Xerson vilayətini müvəqqəti işğal olunmuş Krımla birləşdirən Çonqar körpüsünün tamamilə dağıdıldığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqramda bildirib.
"Çonqar körpüsü tamamilə məhv edilib", – o, teleqramda yazıb.
Ukrayna Silahlı Qüvvələrinin 1-ci əlahiddə hücum alayı məlumat verib ki, iyunun 9-na keçən gecə Ukrayna bölmələri FP-2 dronları vasitəsilə Çonqar körpüsünə təkrar zərbə endirib, bu da onun sıradan çıxmasına və Ukraynanın əsas hissəsi ilə işğal olunmuş Krım arasındakı logistika yolunun bloklanmasına səbəb olub.
Körpüyə ilk ziyan iyunun 7-də dəymişdi, o zaman bir istiqamətdə yol örtüyü dağıdılmışdı.
Çonqar körpüsü Krımla Ukraynanın əsas hissəsi arasında ən qısa və ən rahat marşrutdur. Ukrayna tərəfinin məlumatına görə, Rusiya qoşunları texnika və döyüş sursatlarını Krımdan cəbhənin cənub istiqamətinə məhz bu körpü vasitəsilə daşıyıb.

Şərhlər