Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın gözlənilmədən ictimai məkandan itməsi və mühüm iqtisadi tədbirlərdəki çıxışlarını ləğv etməsi Rusiya siyasi və iqtisadi elitasında ciddi suallar doğurub.
"AzPolitika" xəbər verir ki, əvvəlcə iyunun əvvəlində keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı (SPIEF-2026) çıxışını son anda təxirə salan Nabiullina, daha sonra iyunun 9-da Fond Bazarı İştirakçılarının Milli Assosiasiyasının (NAUFOR) konfransına da qatılmayıb. Rusiya Mərkəzi Bankının mətbuat xidməti onun bülletendə (xəstəlik məzuniyyətində) olduğunu bildirsə də, iqtisadçı Vyaçeslav Şiryayevin öz mənbələrinə istinadən yaydığı məlumat vəziyyətin daha mürəkkəb olduğunu göstərir. İddiaya görə, Mərkəzi Bank rəhbərinin yaşadığı evin qarşısındakı mühafizə postu belə yoxa çıxıb.
Nabiullinanın qəfil "itməsi" Rusiya iqtisadiyyatında hərbi xərclərin kəskin artması və büdcə kəsiri böhranı ilə eyni vaxta təsadüf edir. Cari ilin yanvar-may aylarında Rusiyanın büdcə kəsiri artıq 6 trilyon rublu keçib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur və hökumətlə Maliyyə Nazirliyinin bütün illik planını 60% üstələyir.
Siyasi şərhçi Ruslan Aysin qeyd edir ki, Nabiullina Putinin yaxın dost çevrəsinə və ya "silovik" (güc strukturları) klanına daxil olmasa da, Rusiya iqtisadiyyatını ayaqda saxlayan əsas fiqurdur:
"Məlumata görə, o, bu yaxınlarda Putinə hərbi xərclərin azaldılmasının vacibliyi barədə hesabat təqdim edib. Nabiullina xəbərdarlıq edib ki, əks halda iqtisadi sabitliyi qorumaq qeyri-mümkün olacaq. Lakin müharibəni davam etdirmək istəyən Putin bu məsləhətləri rədd edib".

İqtisadçı Vladislav Jukovskinin fikrincə, Kremldəki çəkistlər və siloviklər iqtisadiyyatda "məqsədli emissiya" modelinə keçmək, yəni pulçapma dəzgahını işə salaraq hərbi-sənaye kompleksi müəssisələrinə və Kremlə yaxın oliqarxlara nəzarətsiz maliyyə axını təmin etmək istəyirlər. Nabiullina isə inflyasiyanın qarşısını almaq üçün uçot dərəcəsini yüksək saxlamaqla buna müqavimət göstərirdi.
Ekspertlər hesab edirlər ki, hərbi xərclərin gətirdiyi inflyasiya və iqtisadi uğursuzluqların fonunda kimisə günahkar elan etmək lazım idi. Hökumətdəki "liberal qanadın" rəhbəri kimi Nabiullina kütlənin qarşısına atılmaq üçün ən rahat hədəfə çevrilib.
Kremlə yaxın anonim "Telegram" kanalları artıq Mərkəzi Bankda kadr dəyişikliklərinin başladığını və icraedici hakimiyyətin bankın müstəqilliyinə son qoymağa çalışdığını yazır. Əgər bu iddialar doğrudursa, Nabiullinanın "xəstəlik məzuniyyəti" onun tezliklə istefaya göndərilməsi və ya proseslərdən tamamilə kənarlaşdırılması üçün bir hazırlıq mərhələsi ola bilər.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər