“Xəzər dənizi Rusiya və İranın cəlb olunduğu müharibələr səbəbindən tədricən hərbi əməliyyatlar teatrının tərkib hissəsinə çevrilir”. 

“AzPolitika” xəbər verir ki, bu fikri politoloq Fərhad Məmmədov öz sosial şəbəkə hesabında paylaşdığı analitik məqalədə bildirib.

Politoloq Ukraynanın Xəzərdə İran gəmisini vurması hadisəsinə diqqət çəkərək, bu insidentin arxasında çoxlu qaranlıq məqamların qaldığını vurğulayıb:

"İran gəmisi tam olaraq harada, hansı ölkənin ərazi sularında vurulub? Həlak olan İran vətəndaşı kim idi? Ukrayna raketi və ya PUA-sının uçuş trayektoriyası necə olub? Ən əsası, İran Ukraynaya necə cavab verməyi planlaşdırır və cavab raketləri hansı ölkələrin hava məkanından keçəcək?"

Fərhad Məmmədovun sözlərinə görə, müharibənin şimaldan və cənubdan Xəzərə doğru genişlənməsi regionun nəqliyyat və tranzit potensialına ağır zərbə vura bilər. Əgər proses bu axınla davam edərsə, Flightradar xəritələrində Cənubi Qafqaz hava dəhlizi vasitəsilə Şərq-Qərb istiqamətində uçan yüzlərlə mülki təyyarə görüntüsünü unutmalı olacağıq”.

Politoloq hesab edir ki, yaranmış vəziyyətdə Xəzəryanı ölkələrin operativ və birgə addımlar atmasına ehtiyac var:

"Düşünürəm ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzərin hərbi əməliyyatlara cəlb olunmasının qəbuledilməzliyi ilə bağlı birgə bəyanatla çıxış edə bilərlər. Bu ölkələr Rusiya və İrana müraciət edərək, öz hava məkanlarının mühafizə olunması və xarici raket/PUA-ların onların hava məkanı üzərindən Xəzərə doğru uçmasına imkan verilməməsi məsuliyyətini xatırlatmalıdırlar".

Fərhad Məmmədov vurğulayıb ki, bu zərbələrin başqa bir tərəfi də var. Baş verən proseslər nəticəsində Xəzərin Rusiya və İran hissəsində tədricən de-militarizasiya (hərbi təsirin zəifləməsi və silahsızlaşma) gedir.

“AzPolitika.info”