"Su ehtiyatlarının mühüm hissəsi dənizə çatmadan istifadə olunur"

Xəzər dənizində suyun səviyyəsinin sürətlə aşağı düşməsi son illərdə Azərbaycan başda olmaqla, bütün region ölkələrini narahat edən əsas ekoloji problemlərdən birinə çevrilib.

Cari ilin məlumatlarına görə, dənizin səviyyəsi dünya okeanının səviyyəsindən aşağı -29,11 metrə enərək 1978-ci ildə qeydə alınmış mənfi 29 metrlik tarixi minimum göstəricini geridə qoyub. Müşahidələr göstərir ki, son 12 ildə sahilyanı ərazilərdə suyun səviyyəsi 1,5 metrdən çox aşağı düşüb. Xüsusilə son beş ildə azalma sürətlənərək ildə təxminən 30 santimetrə çatıb. Bu göstərici əvvəlki dövrlərlə müqayisədə xeyli yüksək hesab olunur. Ümumilikdə isə əsrin ilk iki onilliyi ərzində dəniz səviyyəsi hər il orta hesabla 7 santimetr azalıb.

Suyun geri çəkilməsi Xəzərin müxtəlif hissələrində ciddi coğrafi dəyişikliklərə səbəb olur. Qazaxıstan sahillərində bəzi ərazilərdə dənizin şərq sahil xətti son 15 ildə 8-10 kilometr geri çəkilib. Qaraboğazgöl körfəzində isə sahil xəttinin 26 kilometrədək gerilədiyi bildirilir. Abşeron yarımadası ətrafında geriçəkilmə məsafəsi nisbətən az olsa da, sahil zolağında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Bakı bulvarının dayaz hissələrində belə dənizin geri çəkilməsi nəticəsində 15-20 metrlik fərqlər yaranıb.

Suyun çəkilməsi Azərbaycan sahillərində də hiss olunur. Abşeron yarımadası ətrafında dənizin geri çəkilməsi nəticəsində sahil relyefində dəyişikliklər baş verir, bəzi dayaz ərazilərdə quru sahələr genişlənir. Digər tərəfdən, Xəzərdə suyun səviyyəsinin enməsi biomüxtəlifliyə, balıq ehtiyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə, sahilyanı təsərrüfatlara və infrastruktur obyektlərinə mənfi təsir göstərir.

"Bu qədər sürətli geriçəkilmə, Xəzər dənizinin bizə məlum olan tarixində ilk dəfədir"


Ekoloq Rövşən Abbasov “AzPolitika”ya bildirib ki, 1995-ci ildən, təxminən 30 ilə yaxındır ki, biz Xəzərin səviyyəsində azalma müşahidə edirik: “1995-ci ildən 2026-cı ilə qədər qısa istisnalar olmaqla dənizin səviyyəsində azalmalar qeydə alınıb və bu proses bu gün də davam edir. Xəzərin səviyyəsinin azalmasının əsas səbəbləri iqlim dəyişmələri nəticəsində dəniz səthindən gedən buxarlanmanın artması, çay axımının azalması və Volqa hövzəsində su götürmələrinin çoxalmasıdır. Məhz bu amillərin təsiri nəticəsində dənizin su balansı dəyişir və səviyyədə enmə prosesi müşahidə olunur. Bu azalmalar nəticəsində Xəzərin səviyyəsində bugünkü vəziyyət formalaşıb. Təbii ki, göllərin və qapalı su hövzələrinin səviyyəsi azalarkən bu proses bütün sahilboyu ərazilərdə müşahidə edilir. Xəzərdə də vəziyyət eynidir. Suyun geri çəkilməsi dənizin müxtəlif sahillərində özünü göstərir və eyni tendensiya Azərbaycan sahillərində də müşahidə olunur. Bu prosesin təsirləri Sumqayıt bulvarında da aydın görünür. Dəniz səviyyəsinin enməsi nəticəsində sahil xəttində dəyişikliklər baş verir və suyun geri çəkilməsi vizual olaraq daha nəzərəçarpan olur”.

Ekoloq Sadiq Həsənov “AzPolitika”ya açıqlamasında bildirib ki, təsdiqlənmiş məlumatlara əsasən, son 30 il ərzində dəniz səviyyəsi təxminən 2,5 metr aşağı enib: “Əslində, Xəzər dənizində səviyyə enmələri tarix boyu dəfələrlə baş verib. Məsələn, 1930-cu və 1977-ci illərdə də oxşar proseslər müşahidə olunub. Ancaq bu qədər sürətli geriçəkilmə, demək olar ki, Xəzər dənizinin bizə məlum olan tarixində ilk dəfədir”.

Ekspert qeyd edib ki, prosesin bir neçə əsas səbəbi var. Bunlardan biri iqlim dəyişiklikləri və temperaturun yüksəlməsidir: “Temperaturun artması istər-istəməz suyun buxarlanmasını artırır. Bu isə 10-15 faiz həcmində əlavə su itkisi deməkdir. Digər əsas səbəb isə çaylarda suyun azalmasıdır. Xüsusilə Volqa çayında suyun həcmi kəskin şəkildə azalıb. Eyni zamanda Kür, Terek, Ural, Samur və digər çaylarda da su axınında ciddi azalmalar müşahidə edilir”.

"Çay boyunca çoxsaylı su anbarları tikilib, müxtəlif təsərrüfat və sənaye obyektləri yaradılıb". 


S.Həsənovun sözlərinə görə, Xəzərin səviyyəsinə təsir göstərən amillər həm təbii, həm də antropogen xarakter daşıyır: “Volqa hövzəsində yağıntıların azalması və iqlim dəyişiklikləri təbii amillər sırasındadır. Digər tərəfdən isə çay boyunca çoxsaylı su anbarları tikilib, müxtəlif təsərrüfat və sənaye obyektləri yaradılıb. Nəticədə su ehtiyatlarının mühüm hissəsi dənizə çatmadan istifadə olunur. Bu da Volqa çayının axımının azalmasına səbəb olur”.

Ekoloq hesab edir ki, yaxın illərdə vəziyyətin sabitləşəcəyi gözlənilmir: “Proqnozlara görə, bu azalma 2050-ci ilə qədər davam edə bilər. Çünki qlobal istiləşmə sürətlənir, eyni zamanda su ehtiyatlarına tələbat artır. Bütün bunlar göstərir ki, yaxın illərdə Xəzər dənizinin səviyyəsinin sabitləşməsi mümkün görünmür”.

Sadiq Həsənov bəzi rus alimlərinin dəniz səviyyəsinin artıq sabitləşdiyi ilə bağlı fikirləri ilə razı olmadığını da vurğulayıb: “Belə bəyanatlar səsləndirilsə də, səviyyənin sabitləşdiyini təsdiqləyən hər hansı ciddi elmi sübut və ya dəlil təqdim olunmayıb. Son yağışlar müəyyən qədər təsir göstərsə də, ümumi tendensiya dəyişməyib. Hazırda Xəzər dənizində səviyyə azalması davam edir və illik enmə təxminən 6-10 santimetr təşkil edir”.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev “AzPolitika”ya açıqlamasında bildirib ki, son günlər yağan yağışlar Xəzər dənizinin səviyyəsinə müəyyən müsbət təsir göstərsə də, bu təsirin qısa müddətdə hiss olunacağını gözləmək düzgün deyil.

"Ən azı 3-5 il lazımdır ki, Xəzərin səviyyəsinə təsiri hiss olunsun"


Onun sözlərinə görə, yağıntılar nəticəsində yaranan əlavə su həcmi Xəzərin ümumi su ehtiyatları ilə müqayisədə olduqca kiçikdir: “Xəzər dənizinin bəzi hissələrində yağan yağıntılar, nə qədər çox görünsə də, dənizin ümumi həcmi ilə müqayisədə çox cüzi miqdardır. Bu səbəbdən həmin yağıntılar dəniz səviyyəsinin azalmasını dərhal dayandıra bilməz. Xəzərdə milyardlarla, hətta trilyonlarla ton su ehtiyatı mövcuddur. Bu, dünya okeanı ilə birbaşa əlaqəsi olmayan nəhəng su hövzəsidir”.

Ə.Əliyev qeyd edib ki, Xəzərdə baş verən proseslər qısa müddətdə dəyişmir və səviyyənin sabitləşməsi zaman tələb edir: “Belə böyük su hövzələrində dəyişikliklər bir günə və ya bir neçə aya baş vermir. Səviyyənin enməsi prosesi uzun illər ərzində formalaşıb. Ona görə də dayanma və ya yüksəlmə prosesi də tədricən baş verə bilər. Hazırda müəyyən müddət ərzində geriləmə davam edə bilər. Daha sonra səviyyə sabitləşə və növbəti mərhələdə artım müşahidə oluna bilər”.

Mütəxəssis vurğulayıb ki, hazırda azalmanı sürətləndirən əsas amillərdən biri temperaturun yüksəlməsi və yay mövsümündə buxarlanmanın artmasıdır: “Havanın isinməsi ilə birlikdə suyun buxarlanması sürətlənir. Xüsusilə dayaz ərazilərdə bu proses daha intensiv gedir. Buna görə də yaxın dövrdə səviyyənin dərhal yüksələcəyini gözləmək real deyil”.

Ənvər Əliyevin fikrincə, yağıntıların davamlı xarakter alması gələcəkdə vəziyyətə müsbət təsir göstərə bilər: “Yağıntıların artması vacib şərtlərdən biridir. Lakin bunun nəticəsi dərhal görünmür. Ən azı 3-5 il ərzində yağıntıların yüksək səviyyədə davam etməsi lazımdır ki, bu amilin Xəzərin səviyyəsinə təsiri hiss olunsun. Bu halda əvvəlcə səviyyə sabitləşə, daha sonra isə tədricən yüksəlməyə başlaya bilər”.

E. Bəyməmmədli

“AzPolitika.info”