Ukraynanın süni intellekt elementləri və avtonom hədəfləmə sistemləri ilə təchiz edilmiş yeni nəsil orta mənzilli zərbə dronları döyüş meydanında Kiyevə mühüm üstünlük qazandırıb. 

Bu barədə "Bloomberg" Ukrayna rəsmilərinə, hərbi ekspertlərə və Rusiya müdafiə sənayesi nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, yeni dronlar cəbhə xəttindən xeyli uzaqda yerləşən Rusiya ordusunun logistika infrastrukturuna daha effektiv zərbələr endirməyə imkan verir. Xüsusilə sursat anbarları, yanacaq bazaları, komanda məntəqələri və nəqliyyat marşrutları əsas hədəflər sırasındadır.

Məlumata görə, son aylarda Ukrayna Silahlı Qüvvələri orta mənzilli zərbə dronlarının istifadəsini əhəmiyyətli dərəcədə artırıb. Yeni modellər radioelektron mübarizə şəraitində fəaliyyət göstərə bilir və güclü maneələr zamanı belə hədəfi müstəqil şəkildə müəyyən edərək vurmaq imkanına malikdir.

"Bloomberg" yazır ki, bu dronlar cəbhə xəttindən 150 kilometrədək məsafədə yerləşən obyektlərə zərbələr endirə bilir.

"AzPolitika.info"