Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında Bakı və Sumqayıt arasında qiymət fərqi daha çox diqqət çəkir. Paytaxtda mənzil qiymətlərinin yüksək olması bəzi vətəndaşları daha sərfəli seçim kimi Sumqayıta yönəldir. Ekspertlər bildirirlər ki, qiymət fərqinə şəhərlərin infrastrukturu, iş imkanları, nəqliyyat və mənzillərə olan tələbat təsir göstərir. 

Bakı ilə Sumqayıt arasında mənzil qiymətləri nə qədər fərqlənir, hazırda hansı şəhərdə ev almaq daha sərfəlidir və gələcəkdə qiymət artımının daha çox hansı şəhərdə olacağı gözlənilir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son 10-15 il ərzində Xırdalan, Masazır və Sumqayıt istiqamətində regionlardan gələn vətəndaşların axını xeyli artıb.

Ekspertin sözlərinə görə, xüsusilə Xırdalanda son 15 ildə tikinti layihələrinin sayı sürətlə çoxalıb: “Tikinti şirkətləri arasında ciddi rəqabət yarandı. Rəqabətin çox olması həm satış şərtlərini əlverişli etdi, həm də qiymətlərin müəyyən qədər münasib qalmasına səbəb oldu. Ərazidə kifayət qədər boş torpaq sahələri vardı, fərdi evlər və yaşayış kompleksləri inşa edildi. Daşınmaz əmlak daha münasib şərtlərlə təklif olunduğuna görə tələbat da yüksək idi”.

E.Azadov qeyd edib ki, regionlardan Bakıya köçmək istəyən vətəndaşlar üçün paytaxtın mərkəzində yaşamaq əsas prioritet olmayıb: “Bir çox insanlar üçün əsas məsələ Bakı və ya Bakıətrafı ərazidə daşınmaz əmlaka sahib olmaq idi. Bu baxımdan Xırdalan, Masazır və Sumqayıt daha əlverişli seçimə çevrildi. 2018-2019-cu illərdə Sumqayıtda tikinti sektorunda böyük canlanma müşahidə olundu. Həmin dövrdə Sumqayıtda çox sayda tikinti şirkəti fəaliyyətə başladı və yüksək rəqabət formalaşdı. Xüsusilə dənizkənarı ərazilərdə iri yaşayış kompleksləri tikildi və bazardakı tələbat hesabına sürətlə satıldı. Sumqayıtın mərkəzində yerləşən mənzillərin qiyməti Bakı şəhərinin ucqar ərazilərindəki qiymətlərlə demək olar ki, yaxın idi”.

E.Azadov əlavə edib ki, rəqabət bazarın inkişafına müsbət təsir göstərib: “Layihələrin böyük əksəriyyəti satıldı. Hazırda isə satışda olan yaşayış komplekslərinin sayı əvvəlki illərlə müqayisədə azdır. Qiymətlər və satış şərtləri yenə də rəqabətə uyğun şəkildə formalaşır. Bakıda isə vəziyyət 2021-ci ildən sonra dəyişməyə başlayıb. 2021-ci ilə qədər bazarda rəqabət normal səviyyədə idi. Sonrakı dövrdə paytaxta axın artdı və bu da qiymətlərin yüksəlməsinə, rəqabət balansının pozulmasına səbəb oldu.

Hazırda Bakı ilə Sumqayıt arasında mənzil qiymətlərində orta hesabla 50 faizdən çox fərq mövcuddur. Qiymət fərqi böyük olduğuna görə Sumqayıtda satış şərtləri daha əlverişli hesab olunur”.

Oğuz Ayvaz 

AzPolitika.info