Krım yarımadasında artıq iki həftəyə yaxındır ki, yanacaq böhranı kritik həddə çatıb. Ukrayna silahlı Qüvvələri yarımadanı fiziki olaraq ətraf aləmdən, xüsusilə də onu 12 il əvvəl işğal etmiş Rusiyadan demək olar, təcrid edib. Krım yarımadadan adaya çevrilir…
Lakin Ukrayna Krımla kifayətlənmir. Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 14 bölgəsinə hücum edib. Rusiya Müdafiə Nazirliyi gecə ərzində 249 PUA məhv edildiyini bəyan edib. Lakin bu PUA-ların içində Rusiyanın strateji əhəmiyyətli neft-kimya və hərbi sənaye müəssisələrinə düşən PUA-lar yoxdur. Çünki onlar hədəfə çatıblar…
Yaroslavl vilayətində "sənaye yanacaq anbarlarına zərbə endirilib" və yanğın baş verib. Bunu qubernator Mixail Evrayev yazıb. O qeyd edib ki, heç kim xəsarət almayıb. Hakimiyyət orqanları Moskvaya aparan yolu bağlamalı olub. "Astra"nın məlumatına görə, söhbət Dövlət Ehtiyatları üzrə Federal Agentliyin (Rosrezerv) Rıbinskdəki yanacaq anbarlarından gedir. Telegram kanalları ərazidəki qatı qara tüstü ilə müşayiət olunan böyük yanğının görüntülərini yayımlayıb.Ukrayna Silahlı Qüvvələri Tula bölgəsindəki Novomoskovska da hücum edib. NASA-nın FIRMS peyk xidməti “Azot” kimya zavodunda yanğın qeydə alıb. Monitorinq kanalları və videolar da zavodun dağılması barədə məlumat verib. “Azot” zavodu “EuroChem” şirkətinin bir hissəsidir.
O, Rusiyada ən böyük ammonyak və azot gübrələri istehsalçılarından biridir. Müəssisə həmçinin hərbi sursat üçün partlayıcı maddələr istehsal edən Sverdlov zavoduna kimyəvi məhsullar tədarük edir. Qubernator Dmitri Milyayev bildirib ki, "vurulan dronların parçaları sənaye müəssisəsinin ərazisinə düşüb". Bu, həmişəki standart izahatdır. PUA-ların müəssisələri vurduğuna dair real görüntülərə rəğmən, yerli hakimiyət orqanları yenə “vurulan PUA qalıqaları”nı günahkar çıxarırlar. Elə Vladimir Putinə də görünür, bu cür raport verilir. İnterneti bağlayan və özü də ona baxmayan Putin isə yəqin ki, həmin məlumatları həqiqət kimi “həzm edir”…
Smolenskə dron hücumu Vyazmadakı dəmir yolu deposu yaxınlığında yanğına səbəb olub. Yanğın dəmir yolu xətlərinə enerji verən Vyazma elektrik yarımstansiyasında baş verib.Oryolda dron Zelyonıy Ostrov yaşayış kompleksinə dəyib. Hündürmərtəbəli binanın bir neçə mərtəbəsində yanğın baş verib. Oryol vilayətinin qubernatoru Andrey Klıçkov bildirib ki, bir nəfər ölüb, doqquz nəfər yaralanıb.Kaluqa vilayətində hücum nəticəsində iki infrastruktur obyekti vurulub. Qubernator Vladislav Şapşa bildirib ki, itki olmayıb.
Siyahını uzatmaq da olar. Söhbət Rusiyanın zərbələrə məruz qalan 14 bölgəsindən gedir…
Bu zərbələrin fonunda Rusiyanın artıq demək olar, bütün ərazisi yanacaq böhranı yaşayır. Tatarıstandakı "Tatneft" yanacaqdoldurma məntəqələrində yanacaq məhdudiyyətləri tətbiq edilib. Respublika başçısı Rüstəm Minnixanov etiraf edib ki, məntəqələrdə növbələr qeydə alınıb və bu da limitlərin tətbiq edilməsinə səbəb olub: hər müştəriyə gündə 20 litr benzin; minik avtomobilləri üçün 40 litrə qədər dizel verilə bilər. Yük maşınları üçün isə 200 litrə qədər limit qoyulub. Təbii ki, bu da əgər uzun növbələrdən sonra yanacaq tapılarsa….
Oxşar tədbirlər Ulyanovskdakı "Tatneft" yanacaqdoldurma məntəqələrində də tətbiq olunur.Yancaq böhranı Rusiyanın “mədəni paytaxtı” Sankt-Petrburq və “toxunulmaz” Moskvaya da çatıb. Sankt-Peterburqda 20 litrlik benzin limiti tətbiq edilib. Moskvanın ən böyük yanacaqdoldurma məntəqələri də 12 iyundan məhdudiyyətlər tətbiq edib - hər müştəriyə 20 litrə qədər benzin və 40 litrə qədər dizel.
Paytaxtdakı “Rosneft” stansiyalarında hər çən və ya bidon üçün ümumi limit 90 litrə qədərdir, “Lukoil” isə hər müştəriyə 100 litrdən çox benzin və ya dizel yanacağı vermir.
Belqorod və Ryazan vilayətlərinin, Krasnodar diyarının və bir çox digər bölgələrin sakinlərinin bəxti daha az gətirib. Bu bölgələr Krımdan sonra yanacaq böhranının ən çox müşahidə olunduğu ərazilərdir. Krım, Sevastopol, Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətləri də daxil olmaqla, yanacaq böhranı ilə üzləşən bölgələrin sayı 31-ə çatır.
Məlum məsələdir ki, bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft infrastrukturuna sistematik hücumlarının, Rostovdan işğal olunmuş ərazi ilə Krıma gedən yolun faktiki bağlanmasının nəticəsidir. Bu hücumları labüd edən isə Rusiyanın 5 ildir davam edən və Putinin heç cür bitirmək istəmədiyi işğalçılıq müharibəsidir.
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski “Temp” və “Azot” şirkətlərinə endirilən zərbələri təsdiqləyib. O qeyd edib ki, pilotsuz təyyarələr "təcavüzkar dövlətin ehtiyatları üçün vacib olan neft obyektinə və fəaliyyətləri partlayıcı maddələrin istehsalını təşkil edən müəssisəyə" zərbə endirib. Zelenski bildirib ki, zərbələr Vladimir Putinin müharibəni bitirməkdən imtina etməsi səbəbindən həyata keçirilir. "Biz Rusiya rəhbərliyinə mümkün olan hər cür danışıqlar formatını təklif etdik və yeganə cavab davam edən təcavüz və onu şiddətləndirmək cəhdləri oldu. Müharibənin gəldiyi yerə qayıtması məntiqlidir", - deyə o bildirib.
Bəli, müharibə gəldiyi yerə - Rusiyaya qayıdır. Bunun gec-tez baş verəcəyini çoxları proqnozlaşdırır və xəbərdarlıq edirdi. Lakin Putin bunu eşitmək istəmirdi. İndi isə həm eşitmək, həm də görmək məcburiyyətindədir…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər