Xəbər verdiyimiz kimi, ABŞ və İran, nəhayət, sülh razılaşması əldə etdiklərini elan etdilər. ABŞ Prezidenti Donald Tramp İranla bağlanan müqaviləni tarixi bir irəliləyiş adlandırıb.

"Bu möhtəşəm müqavilə bütün regiona sülh və təhlükəsizlik gətirəcək",- Tramp sosial media platformasında yazıb.

Tramp növbəti dəfə özünün “dahiliyini” önə çəkərək, bu razılaşmanın onun “tarixi əsəri” olduğuna işarə edib: "Bir çox prezidentlər İranla sülh bağlamağa çalışıb və məndən əvvəl hamısı uğursuz olub. Region liderləri ilk dəfə olaraq onlara əsl sülhə nail olmağa kömək edə biləcək bir prezident tapıblar".

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandumun mətni üzrə razılaşmaların əldə edildiyini təsdiqləyib: "Tezliklə razılaşmanın mətnini dərc edəcəyik və insanlar hansı böyük uğurlara imza atdığımızı və hansı öhdəliklər götürdüyümüzü görəcəklər".

İranın Ali Milli Təhlükəsizlik Şurası da Tehran və Vaşinqtonun aylarla davam edən danışıqlardan sonra müharibəyə son qoymaq barədə razılaşmanı təsdiq edib. Şura öz bəyanatında Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların "dərhal və daimi olaraq" dayandırılacağını bildirib. Bəyanatda Pakistan və Qətərə vasitəçilik səylərinə görə təşəkkür edilib.

Qeyd edək ki, memorandum rəsmi olaraq 19 iyunda imzalanacaq. İran tərəfi yekun razılaşma üzrə danışıqların yalnız qarşı tərəf çərçivə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdikdən sonra başlayacağını bildirib.

Tramp da bildirib ki, müqavilə cümə günü imzalanacaq və Hörmüz boğazı yenidən açılacaq.

Bu arada İranın Mehr xəbər agentliyinin məlumatına görə, ABŞ-İran sülh müqaviləsinin layihəsi 14 bənddən ibarətdir:

1. Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların daimi və dərhal dayandırılması.

2. ABŞ İranın daxili işlərinə qarışmamağı və İranın suverenliyinə hörmət etməyi öhdəsinə götürür.

3. Dəniz blokadasının 30 gün ərzində tamamilə ləğvi.

4. ABŞ qoşunlarını İranı əhatə edən ərazilərdən çıxarmağı öhdəsinə götürür.

5. İranın razılığı ilə 30 gün ərzində Hörmüz boğazının yenidən açılması.

6. Neft, neft-kimya məhsullarının satışına sanksiyaların dayandırılması və İranın maliyyə aktivlərinə tam çıxışı.

7. ABŞ və müttəfiqləri İrana ən azı 300 milyard dollar dəyərində yenidənqurma planları təqdim edirlər.

8. Nüvə məsələləri üzrə yekun razılaşmaya nail olmaq və ABŞ-nin əsas və ikinci dərəcəli sanksiyalarının, eləcə də BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin qətnamələrinin tamamilə ləğvi üçün 60 gün ərzində danışıqlar aparılması.

9. İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) sadiqliyini bir daha təsdiqləyir və nüvə silahı istehsal etməməyi öhdəsinə götürür.

10. ABŞ regionda qoşunlarının sayını artırmamağı və yeni sanksiyalar tətbiq etməməyi öhdəsinə götürür.

11. 60 günlük son danışıqlar dövründə İranın bloklanmış 24 milyard dollarlıq vəsaitini azad etmək. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İrana verilməlidir.

12. Sazişin icrası üçün monitorinq mexanizmi yaradılmalıdır.

13. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək.

14. İranın dondurulmuş aktivlərinin yarısı azad edilənə, İran neftinə sanksiyalar dayandırılana və dəniz blokadası qaldırılana qədər yekun danışıqlar başlamayacaq. Zənginləşdirilmiş materialların və uran zənginləşdirilməsinin taleyi, sanksiyaların ləğvi və İranın iqtisadi bərpa proqramı ilə bağlı yekun razılaşma əldə ediləcək.

İranın raket proqramı və müqavimət qruplarına dəstək müzakirələri gündəmdən birdəfəlik çıxarılıb.

Göründüyü kimi, Hörmüz boğazının açılması, İrana qarşı dəniz blokadasının götürülməsi və Tehranın dondurulmuş maliyyə aktivlərinə çıxışı kimi məsələlər yaxın zamanda, hətta demək olar dərhal öz həllini tapmalıdır. İrana aid uranın taleyi isə bir qədər uzun perspektivdə, danışıqlar vasitəsilə həll olunmalıdır. Bütün bunlar üçün zamana ehtiyac var.

Bəs bu zaman kəsiyində İsrail sakit duracaqmı? 

İsrailin istəklərinin əleyhinə olaraq, məsələn, İranın raket proqramı toxunulmaz qalacaq.

Hətta memorandumun imzalanmalı olduğu gün belə İsrail Livan paytaxtına hava zərbələri endirdi. Özü də Trampın da dediyi kimi, heç bir nəticəsi olmayan, hərbi cəhətdən mənasız zərbələr. Analitiklər və hətta Tramp özü də deyir ki, məqsəd ABŞ-İran razılaşmasını əngəlləməkdir. Çünki İsrail faktiki olaraq heç də istədiklərinin hamısına nail ola bilməyib, ümumiyyətlə, danışıqalr prosesindən, yekun müqavilədən kənarda qalıb. Bu isə ilk növbədə Benyamin Netanyahunu və onun hökumətini qane etmir. Artıq İsrailin daxilində siyasi müxalifət Netanyahu hökumətini “topa tutur”. Bu da analitiklərə görə, onu regionu qarışdırarq ABŞ-İran razılaşmasını mümkün qədər əngəlləməyə stimullaşdırır.

Onu da nəzərə alsaq ki, İran rəhbərliyi İsrailin istənilən addımına qarşı olduqca həssasdır, o zaman yaxın perspektivdə atəşkəsin böyük sülhə çevriləcəyini birmənalı iddia etmək heç də asan deyil...

C.Məmmədli

“AzPolitika.info”