Rusiya Silahlı Qüvvələri ötən gecə Ukrayna paytaxtı Kiyevə və digər böyük şəhərlərə genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna yerli hakimiyyət orqanları və Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Rəsmi məlumatlara görə, Kiyevə endirilən kütləvi zərbələr nəticəsində aralarında uşaqların da olduğu 4 nəfər həlak olub, onlarla dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbələrin təsirindən paytaxtda yaşayış binaları və mülki infrastruktur obyektləri ciddi zərər görüb.
Hücum zamanı diqqətçəkən əsas məqamlardan biri Ukraynanın ən mühüm dini və tarixi mərkəzlərindən sayılan, UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavrasının vurulması olub. Rusiyaya məxsus kamikadze droonunun monastır kompleksinin ərazisinə düşməsi nəticəsində tarixi kilsə binalarında yanğın qeydə alınıb və ciddi dağıntılar yaranıb.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı hesabatda Rusiyanın ötən gecə ölkə ərazisinə ümumilikdə 70 raket və 600-dən çox pilotsuz uçuş aparatı ilə hücum etdiyi bildirilir: "Hücumun əsas istiqaməti Kiyev şəhəri olub. Eyni zamanda, düşmən raketləri Dnepr və Xarkov şəhərlərini də hədəf alıb. Hücum zamanı 20 ballistik raket və 27 zərbə PUA-sının hədəflərə dəydiyi qeydə alınıb".
Hazırda zərbə dalğasının fəsadlarının aradan qaldırılması və dağıntılar altından xilasetmə işləri davam etdirilir.
AzPolitika.info

Şərhlər