Rusiyanın Krasnodar diyarının Krımsk rayonunda Kuban çayı üzərindəki dambanın yarılması nəticəsində genişmiqyaslı subasma baş verib. Fəsadların miqyası böyüdüyündən rayon rəhbərliyi 4 kənd inzibati ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

“AzPolitika” xəbər verir ki, bu barədə regionun yerli hakimiyyət orqanları məlumat yayıb.

Rəsmi məlumata görə, fövqəladə vəziyyət rejimi Troitsk, Kiyev, Yujnı və Keslerovo kəndlərini əhatə edir. Qərb xutoru yaxınlığında dambanın dağılmasından sonra su kütləsi kənd təsərrüfatı torpaqlarına axmaqda və Afip kanalını doldurmaqda davam edir.

İyunun əvvəlində baş verən qəzadan sonra dambadakı yarığın sahəsi genişlənərək 80 metrə çatıb. Daşqın nəticəsində artıq bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə olunub. Hazırda 6 mindən çox əhalisi olan Troitsk stansiyasındakı yaşayış evləri birbaşa su altında qalma təhlükəsi ilə üz-üzədir. Sakinlər üçün müvəqqəti sığınacaqlar hazırlanıb.

Təbii fəlakət bölgənin kənd təsərrüfatına da ağır zərbə vurub. Hakimiyyət orqanlarının hesabatına görə, 2 min hektardan çox sahədə buğda, arpa, soya, qarğıdalı, günəbaxan, kətan və raps sahələri tamamilə su altında qalaraq məhv olub.

Damba qəzası ilə yanaşı, bölgədə davam edən güclü leysan yağışları vəziyyəti daha da gərginləşdirib. Krasnodar şəhəri, Labinsk və Kalinin rayonlarında da daşqınlar qeydə alınıb. Son məlumatlara görə, həmin ərazilərdə 108 həyətyanı sahəni və 84 yaşayış evini su basıb.

Hazırda fəlakət bölgəsində xilasetmə və bənd bərkitmə işləri davam etdirilir.

Rasim

“AzPolitika.info”