ABŞ və İran arasında anlaşma memorandumunun cümə günü imzalanması planlaşdırılsa da, artıq tərəflərin İranın dondurulmuş aktivlərilə bağlı fikir ayrılıqları yaranıb.
“AzPolitika” xəbər verir ki, İranın “Mehr” xəbər agentliyi tərəfindən dərc edilən razılaşma mətni ABŞ-də etirazla qarşılanıb. Həmin mətndə yekun danışıqların aparılacağı 60 gün ərzində İranın 24 milyard dollarının sərbəst buraxılacağı iddia olunur və hətta qeyd edilir ki, "bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İrana verilməlidir".
Başqa bir bənddə vurğulanır: "İranın dondurulmuş aktivlərinin yarısı sərbəst buraxılana, İran neftinə sanksiyalar dayandırılana və dəniz blokadası qaldırılana qədər yekun danışıqlar başlamayacaq".
Lakin “Axios” nəşrinə danışan yüksək vəzifəli ABŞ rəsmisi, İrana 60 günlük danışıqlar başlamazdan əvvəl heç bir şərt qoyulmadan 12 milyard dollarlıq vəsaitin veriləcəyi iddiasını təkzib edib.
"Bu, qətiyyən doğru deyil", - deyə rəsmi bildirib və İranın mövqeyini "təbliğat hiyləsi" adlandırıb. Onun sözlərinə görə, ödəniş "fəaliyyətə əsaslanaraq" həyata keçiriləcək və "iranlılar öhdəliklərini yerinə yetirənə qədər heç bir dondurulmuş aktiv sərbəst buraxılmayacaq".
“CBS”-in məlumata görə isə Donald Tramp administrasiyasının bəzi üzvləri iranlıların 12 milyard dollar alacağı barədə qeyri-dəqiq məlumatların yayılmasından qıcıqlanıblar: "Bu iddialar doğru deyil. Saziş hər mərhələnin nəticələrinə əsasən ödənişləri nəzərdə tutur. Bir rəsmi bildirib ki, əgər iranlılar öhdəliklərini yerinə yetirsələr, vəsaiti alacaqlar; əgər yerinə yetirməsələr, almayacaqlar”.
Bundan öncə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, İran qarşı tərəfin öhdəliklərini pozması halında tədbir görəcək. O deyib ki, İran danışıqların növbəti mərhələsinə yalnız aktivləri sərbəst buraxıldıqdan sonra keçəcək.
Qərb mətbuatı həmçinin, İran tərəfinin dərc etdiyi digər müddəaların da suallar doğurduğunu yazır. Beləliklə, görünən odur ki, razılaşma tərəflərin mediada elan etdikləri variantlardan fərqlənir. Onun gerçək mətnini cümə günü görə biləcəyik.
Bu arada respublikaçı senator Lindsi Qraham da İran tərəfinin yayımladığı mətni sual altına alıb: "İranın nüvə proqramı və digər məsələlər üzrə qarşıdan gələn danışıqları yaxından izləyəcəyəm. İranın bu müqavilə ilə bağlı fikirlərinin ABŞ nümayəndə heyətinin bəyan etdiklərindən fərqli görünməsindən narahatam".
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər