İranla ABŞ arasında imzalanması gözlənilən müvəqqəti razılaşma Tehranın iqtisadi vəziyyətinə ciddi təsir göstərə bilər.
Beynəlxalq mediada yayılan məlumatlara görə, razılaşma qüvvəyə minərsə, İran milyardlarla dollarlıq dondurulmuş vəsaitlərinə çıxış əldə edəcək, neft ixracını artıracaq və böyük həcmdə beynəlxalq maliyyə dəstəyi alacaq.
Məlumata əsasən, ilkin mərhələdə İran uzun illərdir istifadə edə bilmədiyi 24 milyard dollar həcmində dondurulmuş aktivlərinə yenidən çıxış qazanacaq. Bununla yanaşı, ABŞ-nin neft satışına tətbiq etdiyi bəzi məhdudiyyətlərin yumşaldılması nəticəsində ölkənin qarşıdakı illərdə neft ixracından təxminən 300 milyard dollar gəlir əldə edə biləcəyi proqnozlaşdırılır.
Razılaşma layihəsində İranın Hörmüz boğazında gərginliyi azaltması və nüvə silahı əldə etməmək öhdəliyini bir daha təsdiqləməsi qarşılığında sanksiyaların müəyyən hissəsinin aradan qaldırılması nəzərdə tutulur.
Sənəddə diqqət çəkən digər məqam İranın yenidən qurulması üçün nəzərdə tutulan ən azı 300 milyard dollarlıq beynəlxalq maliyyə paketidir. ABŞ Prezidenti Donald Tramp bu vəsaitin birbaşa Vaşinqton tərəfindən deyil, beynəlxalq tərəfdaşlarla birlikdə təmin ediləcəyini bildirib.
"AzPolitika.info"

Şərhlər