ABŞ və İran arasında cümə gününə planlaşdırılan müqavilənin rəsmi imzalanmasından sonra Vaşinqton dərhal Tehrana öz neft və neft məhsullarının ixracına başlamağa icazə verəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” və “Wall Street Journal” məlumat yayıb. Bu məlumat Donald Trampın davam edən G7 Sammitində liderlərlə paylaşdığı sənədə əsaslanır.
Məlumatda deyilir ki, ABŞ Tehrana münaqişənin tez bir zamanda həlli üçün maliyyə stimulu təklif edir. Bazar günü tərəflərin elektron şəkildə imzaladığı anlaşma memorandumunun mətninə görə, İrana qarşı məhdudiyyətlərin qaldırılması bankçılıq, sığorta və nəqliyyat da daxil olmaqla bütün əlaqəli xidmətlərə şamil ediləcək.
Vaşinqton İnstitutunun İran üzrə eksperti Fərzin Nədimi “Wall Street Journal”a bildirib ki, Tramp administrasiyası Hörmüz boğazının açılmasına nail omaq üçün İrana qarşı neft blokadasından imtina etməli olub: "Ağ Ev İranı güzəştə getməyə məcbur etmək üçün bu cür "yaxşılıqları" zəruri hesab edir; əks halda onu danışıqları davam etdirməyə inandırmaq çox çətin olardı".
Memorandumda həmçinin ABŞ-nin regional tərəfdaşlar və İranla məsləhətləşmələr apararaq "ən azı 300 milyard dollar maliyyələşdirmə təmin edən yenidənqurma və iqtisadi inkişaf üçün hərtərəfli plan" hazırlaması tələb olunur. Bu məsələ ilə yaxından tanış olan bir mənbə “Reuters” agentliyinə bildirib ki, bu, yenidənqurma və ya təzminat proqramı deyil, özəl investisiya fondu olacaq. Həmçinin o, dövlət vəsaitlərini və ya qrantları əhatə etməyəcək. Həmin şəxsin sözlərinə görə, ABŞ, Körfəz ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan olan şirkətlər artıq fonda 150 milyard dollardan çox ianə verməyə razılaşıblar.
Memorandumda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı qeyri-müəyyən ifadələr var. Doğrudur, ABŞ bu vəsaitlərə "dondurulmanın aradan qaldırılmasını və tam girişi" təmin etməyi öhdəsinə götürür, lakin sənəddə heç bir konkret şərt və ya qayda göstərilmir.
Ümumiyyətlə, xarici banklarda dondurulmuş İran aktivləri ilə bağlı rəqəmlər çox müxtəlifdir. Hələ 1979-cu il İslam İnqilabından dərhal sonra ABŞ İranın 12 milyard dollarını dondurmuşdu. Hazırkı qiymətləndirmələrə görə, İranın xaricdəki vəsaitləri İran məhsullarının alıcılarının ABŞ sanksiyaları səbəbindən saxladığı pullar da daxil olmaqla, 24 milyard dollardan 100 milyard dollara qədər aralıqda dəyişir.
ABŞ rəsmilərindən biri “Bloomberg” ilə söhbətində bu məsələ ilə bağlı detalları müzakirə etməkdən imtina edib, lakin qeyd edib ki, İran yalnız öhdəliklərini yerinə yetirdiyi təqdirdə müqavilənin faydalarından yararlana biləcək. Bunlara nüvə silahı hazırlamaqdan, uranın zənginləşdirilməsindən imtina və Hörmüz boğazında sərbəst naviqasiyanı təmin etmək daxildir.
“Bloomberg”in başqa bir mənbəyinə görə, texniki detallar hələ də işlənilir. Nəticədə, 18 iyunda İsveçrədə imzalanana qədər sənəddə müəyyən dəyişikliklər edilə bilər.
Bu arada hətta Vaşinqtondakı Tramp tərəfdarları administrasiyanı İrana həddindən artıq maliyyə güzəştləri verməyə hazırlaşdığına görə tənqid edirlər. ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli bununla bağlı yazıb: “Əgər bu doğrudursa, deməli, İran qalib gəlib”.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər