Azərbaycanda son illər doğulan uşaqların sayının azalması və selektiv abortların artması gələcək üçün ciddi təhlükə hesab olunur.
Ekspertlər bildirirlər ki, bu tendensiya davam edərsə, yaxın 15-20 ildə əmək bazarında gənc işçi qüvvəsi kəskin azalacaq, iqtisadi artım zəifləyəcək və pensiya sistemi üzərində yük artacaq.Əhalinin qocalması həm də istehsal, xidmət və sosial sahələrdə problemlər yarada bilər. Demoqrafik balansın pozulması ölkənin sosial və iqtisadi sabitliyinə birbaşa təsir edən əsas amillərdən sayılır.
Doğuş sayının azalması Azərbaycanda hansı iqtisadi problemlərə səbəb ola bilər? Dövlət doğum səviyyəsini artırmaq üçün ailələrə iqtisadi dəstək proqramları tətbiq etməlidirmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki,doğuş sayının azalması uzunmüddətli perspektivdə iqtisadiyyatın bir neçə əsas sütununa təzyiq yarada bilər. Ən birinci təsir əmək bazarında hiss olunur, çünki gənc işçi qüvvəsi azalır və bu, həm istehsal, həm də xidmət sektorlarında işçi çatışmazlığına gətirib çıxarır.
Onun sözlərinə görə, işçi sayının azalması məhsuldarlığın artım tempini zəiflədə, iqtisadi inkişafın ümumi sürətini aşağı sala bilər: “Eyni zamanda əhalinin yaşlanması pensiya və sosial təminat sisteminə əlavə yük yaradır. Daha az işləyən şəxs daha çox pensiya alan əhaliyə dəstək verməli olur ki, bu da dövlət büdcəsi üçün maliyyə təzyiqini artırır. Səhiyyə xərcləri də artır, çünki yaşlı əhali daha çox tibbi xidmətə ehtiyac duyur. Selektiv abortların artması və doğum səviyyəsinin azalması uzunmüddətli demoqrafik balansı poza bilər. Bu, həm regionlarda əhali boşalmasına, həm də şəhərlərdə əmək bazarının strukturunun dəyişməsinə səbəb ola bilər. Nəticədə iqtisadi artım daha çox xarici miqrasiya və ya avtomatlaşdırmadan asılı vəziyyətə düşə bilər”.
A.Nəsirli qeyd edib ki, Azərbaycan kimi ölkələrdə belə tendensiyalar davam edərsə, strateji planlaşdırma daha çətinləşə bilər və sosial sabitliyə də dolayı təsirlər yarana bilər: “Dövlətin doğum səviyyəsini artırmaq üçün iqtisadi dəstək proqramları tətbiq edib-etməməsi məsələsi isə adətən çoxşaxəli yanaşma tələb edir. Birbaşa maliyyə yardımları, vergi güzəştləri, uşaq baxımı xidmətlərinin əlçatanlığı və valideyn məzuniyyətlərinin genişləndirilməsi kimi tədbirlər doğum qərarlarına müsbət təsir göstərə bilər. Amma bu cür siyasətlərin effektiv olması üçün təkcə maddi dəstək yox, həm də mənzil, məşğulluq və sosial təhlükəsizlik kimi sahələrdə ümumi sabitlik vacibdir”.
Oğuz Ayvaz
AzPolitika.info

Şərhlər