Ukrayna PUA-ları 3 qat HHM sistemləri ilə mühafizə olunan Moskvanın müdafiəsini növbəti dəfə yararaq, paytaxtdakı əsas neft emalı zavoduna ağır zərbələr endirib. Lakin zərər görən təkcə neft zavodu olmayıb. 

“AzPolitika” xəbər verir ki, bu gün səhər Moskva şəhəri və Moskva vilayəti Ukrayna dronlarının növbəti hücumuna məruz qalıb. Bu barədə sosial şəbəkələrdə və mediada çoxsaylı məlumatlar və videolar yayımlanıb.

Moskva meri Sergey Sobyanin hücumu təsdiqləyib və Rusiya paytaxtı üzərində əvvəlcə 33 dron vurulduğunu bildirib. Daha sonra o, Moskvaya doğru uçan 137 dronun məhv edildiyini iddia edib.

Moskva meri həmçinin bildirib ki, "bir neçə dron Moskva Neft Emalı Zavoduna çatmağı bacarıb": "Nəticələrin aradan qaldırılması üçün tədbirlər görülür". Nəticələr isə videolardan da göründüyü kimi, kifayət qədər ağırdır. Moskvanın sözügedən zavodun yerləşdiyi hissəsi alov və tüstü dumanı içərisindədir. Yerli media və “Telegram” kanalları insanların panika içərisində olduğunu, sığınacaqlara qaçdığını yazırlar.


Bu, son iki gündə Moskva Neft Emalı Zavoduna edilən ikinci hücumdur. Ukrayna Təhlükəsizlik Xidməti dronların əsas ilkin neft distillə qurğusuna zərər verdiyini bildirib. Qeyd edək ki, Moskva Neft Emalı Zavodu ildə təxminən 11 milyon ton neft emal edir və Rusiya paytaxtının dizel yanacağına olan ehtiyacının təxminən 50%-ni ödəyir. Medianın məlumatılna görə, dron hücumundan sonra zavod fəaliyyətini dayandırıb. Bu isə onsuz da yanacaq qıtlığı yaşayan Rusiya bölgələrinin vəziyyətini daha da ağırlaşdırır.

Əslində, zavoda dünənki hücumdan sonra dronlarla mübarizə aparmaq üçün Rusiya paytaxtında silahlı hərbçilər hündür “vışkalara” yerləşdiriliblər. Onlar HHM sistemlərinin zərərsizləşdirə bilmədikləri PUA-ları vurmalı idilər. Üstəlik, zavod onlarla hava hücumundan müdafiə sistemi ilə əhatə olunub. Lakin göründüyü kimi, bütün bunlar zavodu qorumağa kömək etməyib...


Hücum fonunda Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər qoyulub.

Sobyaninin sözlərinə görə, həmçinin, “Sadovod” ticarət mərkəzinə də ziyan dəyib: Tələfat yoxdur. Təcili yardım xidmətləri dağıntıların yerində işləyir".

Eləcə də Rusiya mediası yazır ki, Moskvadakı "Belaya Daça" ticarət mərkəzinin damına dron düşməsi nəticəsində yanğın başlayıb. Həmçinin, Lyubertsdə fitnes mərkəzi və "sənaye obyekti" zədələnib.


Moskva yaxınlığındakı Jukovskidə isə dron çoxmənzilli binaya dəyib və sakinlər təxliyə edilib. Elektrostal yaxınlığında dron parçaları fərdi evə zərər vurub və bir qadını yaralayıb.

Bir sözlə, müharibənin 5-ci ilində Vladimir Putinin tez-tez təkrarladığı kimi, “hər şey plan üzrə gedir”. Yaxud, Volodimir Zelenskinin dediyi kimi, “müharibə başladığı yerə qayıdır”…

C.Məmmədli

“AzPolitika.info”