Türkiyə millisinin Avstraliya ilə oyundakı məğlubiyyətindən sonra diqqətlər Paraqvayla keçiriləcək növbəti qarşılaşmaya yönəlib.
"AzPolitika" xəbər verir ki, komandanın qrupdakı taleyi baxımından böyük əhəmiyyət daşıyan görüş öncəsi rəqibin oyun üslubu və zəif tərəfləri müzakirə olunur.
Avstraliya ilk turda Türkiyəyə qarşı son dərəcə qapalı futbol nümayiş etdirdi. Rəqib müdafiəyə çəkilərək oyunu əsasən öz cərimə meydançası ətrafında qurdu və sürətli əks-hücumlarla nəticə əldə etdi. Türkiyə topa daha çox sahib olsa da, sıx müdafiəni yarmaqda çətinlik çəkdi və meydandan məğlub ayrıldı.
Paraqvay da müdafiəyə üstünlük verən komandalardan sayılsa da, Avstraliya qədər sərt və qapalı oyun sərgiləmir. Komanda əsasən dördlü müdafiə sistemi ilə çıxış edir və mövqe hücumlarına üstünlük verir. Paraqvayın oyun qurucularından biri Dieqo Qomes hesab olunur. Bununla belə, komandanın texniki baxımdan yüksək səviyyədə olmadığı və daha çox kollektiv oyun hesabına nəticə qazanmağa çalışdığı qeyd edilir.

ABŞ ilə keçirilən görüş Paraqvayın zəif tərəflərini açıq şəkildə ortaya qoyub. ABŞ yığması sürətli, şaquli və dəqiq ötürmələrlə rəqib müdafiəsinin balansını pozaraq fərqli qələbə qazanıb. Xüsusilə mərkəz müdafiəçiləri Omar Alderete və Qustavo Qomesin bir sıra ciddi səhvlərə yol verməsi diqqət çəkib. Cinah müdafiəçiləri də tez-tez arxaya boşluqlar buraxıb və bu vəziyyət rəqib hücumçular üçün geniş imkanlar yaradıb.
Türkiyə millisinin də bu boşluqlardan istifadə etməyə çalışacağı gözlənilir. Kenan Yıldız və Barış Alper Yılmaz kimi sürətli futbolçuların cinahlarda çıxış etməsi Paraqvayın müdafiə xəttinə problem yarada bilər. Arda Gülərin isə hücumun arxasında sərbəst rolda oynaması yaradıcılıq baxımından komandaya üstünlük verə bilər.
Paraqvayın müdafiə xəttindəki boşluqlar Kerem Aktürkoğlunun oyun üslubuna da uyğun hesab olunur. Onun sürəti və müdafiə arxasına qaçışları rəqib üçün təhlükə yarada bilər. Buna görə də qarşıdakı oyunda Keremin önəmli fiqurlardan biri olması gözlənilir.

Digər mühüm məqamlardan biri isə pressinqdir. ABŞ yığması Paraqvaya qarşı hər zonada güclü təzyiq göstərərək rəqibi səhvlərə məcbur etmişdi. Paraqvayın yüksək pressinq qarşısında çətinlik yaşadığı görünür. Türkiyə millisinin də topu itirdikdən sonra rəqibə rahat oynamaq imkanı verməməsi, ikinci bölgədə təzyiqi artırması və topu tez geri qaytarması vacib olacaq.
Orta sahədə də müəyyən dəyişikliklərin mümkün olduğu bildirilir. İlk oyunda gözlənilən təsiri göstərə bilməyən bəzi futbolçuların ehtiyatda qala biləcəyi ehtimal edilir. Bununla yanaşı, Hakan Çalhanoğlunun komandanın əsas dayaqlarından biri olaraq orta sahədə mühüm rol oynamağa davam edəcəyi vurğulanır.
Müdafiəçilərin hücumlara qoşulması da Türkiyə millisinin əsas kozırlarından biri ola bilər. Ferdi Kadıoğlu və digər cinah oyunçularının hücumlara verdiyi dəstək Paraqvay müdafiəsini yora və əlavə boşluqlar yarada bilər. Xüsusilə cinahlardan ediləcək sürətli hücumların rəqib üçün problem yaradacağı düşünülür.
Qeyd edək ki, görüş 20 iyunda Bakı vaxtı ilə saat 07:00-da baş tutacaq.
"AzPolitika.info"

Şərhlər