Moskvaya son PUA hücumuna dair sosial mediada yayımlanan videogörüntülər arasında ən çox diqqət cəlb edən və müzakirələrə səbəb olanlardan biri böyük neft çəninin partlayışdan sonra havaya uçmasını əks etdirən kadrlardır.

“AzPolitika” xəbər verir ki, bu partlayışla bağlı sosial şəbəkələrdə yayımlanan yeni videoda partlayışın səbəbi barədə daha dəqiq versiya formalaşıb.

Belə ki, daha əvvəl partlayışın Ukrayna PUA-sının çənə düşməsi nəticəsində baş verdiyi güman edilirdi. Yeni görüntülərdən isə məlum olur ki, onu havaya uçuran Rusiyanın öz HHM sistemindən buraxılan raketdir. “Pansir” tərəfindən PUA-nı vurmaq üçün atılan raket hədəfdən yayınaraq, böyük neft çənini vurub, nəticədə çən partlayıb və onun qapağı havaya uçub, bu da qeyri-adi bir mənzərə yaradıb.

Qeyd edək ki, bu, Kremlin durmadan təriflədiyi Rusiya HHM sistemlərinin ilk səhvi deyil. Bu sistemlər dəfələrlə Rusiyanın öz hərbi təyyarələrini vurub, öz obyektlərinə, hətta yaşayış binalarına zərbələr endirib. Xatırladaq ki, məlum AZAL təyyarəsinin vurulması da bu sistemlərin yarıtmaz və yaramaz fəaliyyətinin nəticəsi olmuşdu…

C.Məmmədli

“AzPolitika.info”