Ramiz Yunus

Xəzər Universitetinin politologiya professoru

Polşa Prezidenti Karol Navrotskinin Ukrayna lideri Vladimir Zelenskini "Ağ Qartal" ordenindən məhrum etmək qərarı ətrafında yaranan siyasi qalmaqal, sadəcə, bir mükafatın taleyi ilə bağlı deyil. Ordenlər verilə də bilər, geri də alına bilər – tarixdə belə hallar çox olub.

Burada məsələ daha dərindir. İkinci Dünya Müharibəsindən bəri Avropada baş verən ən qanlı müharibənin dördüncü ilində Ukraynanın bəzi müttəfiqləri qəfildən Rusiyanın təcavüzünü dayandırmaq yollarını axtarmaq əvəzinə, bu təcavüzün qurbanını tərbiyə etmək qərarına gəliblər.

Ukraynaya kimləri qəhrəman hesab etməli olduğunu, hansı tarixi yaddaşa sahiblənməli və milli kimliyini necə formalaşdırmalı olduğunu diktə etməyə çalışırlar. Bu, sadəcə mükafat davası deyil; bu, hər gün öz varlığı üçün qan tökən bir xalqın öz keçmişini, indisini və gələcəyini müstəqil müəyyən etmək hüququna müdaxilədir. 

Qərb geosiyasətinin ikiüzlü düsturu

Bu qalmaqal illərdir çıxışlarımda təkrar etdiyim bir tezisi yenidən təsdiqlədi: "Boğulanın xilası onun öz əlindədir".2014-cü ildə Krımın ilhaqından və Donbasdakı müharibədən sonra Ukrayna beynəlxalq siyasətin acı reallığı ilə üz-üzə qaldı. Qərbin bəyan etdiyi dəyərlərlə onun real siyasəti arasındakı uçurumu Ukrayna cəmiyyəti o zaman gördü. Ondan daha əvvəl isə Gürcüstan, Azərbaycan və digər postsovet ölkələri böyük dövlətlərin geosiyasi sövdələşmələrinin gözəl bəyannamələrdən daha üstün tutulduğunu öz təcrübələrində yaşamışdılar.

2022-ci il fevralın 24-də başlayan genişmiqyaslı işğaldan sonra bu uçurum daha da böyüdü. Kollektiv Qərb illərdir eyni düsturla hərəkət edir: "Ukraynanın uduzmasına imkan vermə, amma Rusiyanın da tam məğlub olmasına şərait yaratma". 

Kiyevə verilən hərbi yardımlardakı tərəddüdlərin, məhdudiyyətlərin kökündə məhz bu dayanır.Buna görə də Polşa prezidentinin və ya Ukraynanın mövqeyini zəif hesab edən ABŞ Prezidenti Donald Trampın yanaşmalarına təəccüblənmək lazım deyil. Amma ötən müddət sübut etdi ki, Ukrayna nəinki dövlətçiliyini qorudu, həm də ciddi hərbi, siyasi və diplomatik resursa malik olduğunu göstərdi. Bu gün Vaşinqton da, Brüssel də, Moskva da Ukraynanın mövqeyi ilə hesablaşmağa məcburdur.

Fransa və Napoleon nümunəsi: Bu nə ikili standartdır?

Əgər bir dövlətin öz tarixi yaddaşını müstəqil müəyyən etmək hüququ yoxdursa, onun suverenliyindən necə danışmaq olar? Tarixi şəxsiyyətlərə münasibət müxtəlif ola bilər, lakin son seçimi yalnız Ukrayna cəmiyyəti etməlidir. 

Bu gün kimsə Fransaya kimləri milli qəhrəman hesab etməyi diktə edir? Kimsə fransızlardan Napoleondan imtina etməyi tələb edirmi? 

Halbuki Napoleonun müharibələri Avropada milyonlarla insanın həyatına son qoymuşdu. Amma fransızlar öz tarixlərinə özləri qərar verir və kimsəni bura buraxmırlar.

Bəs niyə bəzi avropalı siyasətçilər Ukraynaya dərs keçməyi özlərinə rəva bilirlər? 

Öz hava məkanlarında bircə dənə də olsun Rusiya dronunu "Moskanı qıcıqlandırmamaq" üçün vura bilməyən qorxaq siyasətçilərin bu öyüdləri xüsusilə qəribə görünür. Axı Kreml də illərdir öz təcavüzünü məhz "tarixi yaddaşın qorunması" şüarı altında əsaslandırır. Ukraynaya tarixi kimliyini diktə edən Qərb siyasətçilərinin yanaşması ilə Kremlin yanaşması arasında prinsipial olaraq nə fərq var? Bu, ikili standart deyilmi?

Həmçinin Polşanın "Ağ Qartal" ordeninin kavaleri statusunda hələ də Polşanın parçalanmasında rol oynamış Rusiya imperatriçası II Yekaterina, Hitlerin müttəfiqi Mikloş Horti, italyan faşisti Benito Mussolini və bu gün də Putinlə dostluğunu gizlətməyən Gerhard Şröder kimi fiqurlar qalır. 

Belə bir fonda, 4 ildən artıqdır Rusiya aqressiyasına qarşı savaşan ölkənin prezidentini hədəf almaq mənəvi deyil, daxili siyasi konyunkturaya hesablanmış ucuz addımdır.

Azərbaycan nümunəsi: "İt hürər, karvan keçər"

Bir etnik azərbaycanlı olaraq, kritik anlarda milli birliyin və qətiyyətin qiymətini çox yaxşı bilirəm.Mənim doğma vətənim Azərbaycana da onilliklər ərzində ərazi bütövlüyünü bərpa etmək yolunda xaricdən fasiləsiz tövsiyələr verilir, ağıl öyrədilir, təhdidlər edilir və nəyi edib-etməyəcəyimiz diktə olunurdu.

Lakin həlledici amil xarici paytaxtların məsləhətləri deyil, Azərbaycan dövlətinin, ordusunun və xalqının milli hədəf ətrafında bir yumruq kimi birləşməsi oldu.Azərbaycan lazımi anda gücünü ortaya qoydu və suverenliyini bütün ölkə ərazisində bərpa etdi.

Bu gün belə, Cənubi Qafqazın yeni reallığı ilə barışa bilməyən bəzi qüvvələrin narazılığını eşidirik. Amma tarix sadə bir həqiqəti öyrədir: Dünyada daim bəraət qazanmağa çalışanlara deyil, öz milli maraqlarını qorumağı bacaranlara hörmət edirlər. Azərbaycanın müstəqilliyinin qarantı onun silahlı qüvvələri və xalqıdır. Şərqdə deyildiyi kimi: İt hürər, karvan keçər.

Ukrayna üçün əsas dərs

Ukrayna da öz yolunu keçməlidir. Güc hüququnun, hüququn gücünü əvəz etdiyi müasir dünyada dövlətin sağ qalmasını yalnız daxili konsolidasiya (birlik) təmin edə bilər.

Ukrayna Prezidenti bu müharibə illərində Ali Baş Komandan məsuliyyətini layiqincə daşıyır və ölkəsinin suverenliyini qoruyur. Ukraynadan kənarda heç kim onlara necə müdafiə olunmağı, necə vuruşmağı və hansı qəhrəmanlara hörmət etməyi diktə edə bilməz. Kömək edə bilmirsinizsə, mane olmayın!Müttəfiqlər vacibdir, beynəlxalq həmrəylik əhəmiyyətlidir. Lakin dövlətin təməli Brüsseldə, Vaşinqtonda və ya Varşavada deyil, Kiyevdə atılır.

Uinston Çörçillin dediyi kimi: "Müharibə ilə rəzalət arasında seçim qarşısında qalıb rəzaləti seçən millət, həm rəzaləti, həm de müharibəni alar". Ukrayna öz seçimini artıq edib.

"AzPolitika.info"