Yaxın Şərqdə kəskin dəyişən geosiyasi vəziyyət ABŞ Prezidenti Donald Tramp ilə Saudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və de-fakto hökmdarı Məhəmməd bin Salman (MBS) arasındakı əlaqələri ciddi sınaq qarşısına çıxarıb. Tərəflər zahirən praqmatik və qarşılıqlı faydalı tərəfdaşlıq nümayiş etdirsələr də, pərdəarxasında ABŞ-nin İranla müharibəsi və İsrailin tanınması məsələsi ətrafında kəskin ziddiyyətlər yaşanır.
2026-cı ilin yazında ABŞ-nin İsrail ilə ittifaqda İrana qarşı hərbi əməliyyatlara başlaması Vaşinqton və Ər-Riyad münasibətlərində soyuqluğa səbəb olub. Şahzadə Məhəmməd bin Salman müharibənin regional miqyasda eşalasiya olunacağından ehtiyat edərək və Trampa tam etibar etməyərək ABŞ-yə hərbi dəstək verməkdən imtina edib. Bu isə Ağ Evin sərt reaksiyasına yol açıb.
Ötən mart ayında Mayamidə keçirilən qapalı tədbirdə Trampın bin Salman haqqında səsləndirdiyi təhqiramiz ifadələr və Ər-Riyadın ABŞ-dən asılılığını vurğulaması tərəflər arasında gərginliyi artırıb. Saudiyyə Ərəbistanı bu bəyanatlara rəsmi olaraq sükutla cavab versə də, diplomatik müstəvidə addımlar atıb:
Saudiyyə Ərəbistanı ABŞ hərbçilərinə öz hava məkanından istifadə etməyə icazə verməyib. Nəticədə Pentaqon Hörmüz boğazında gəmilərin mühafizəsi üçün planlaşdırdığı "Azadlıq Layihəsi" (Project Freedom) əməliyyatını dayandırmaq məcburiyyətində qalıb.
ABŞ tərəfi cavab olaraq Ər-Riyadı müdafiə silahları və raket əleyhinə tutucu sistemlərin tədarükünü dayandırmaqla hədələyib. ABŞ Dövlət Katibi Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində Saudiyyə Ərəbistanını nümayişkaranə şəkildə səfər qrafikindən çıxarıb.
ABŞ-İran hərbi münaqişəsinin artıq 5 aydan çox davam etməsi Saudiyyə krallığını kəskin narahat edir. Avqustun 2-də Məhəmməd bin Salman Donald Trampa zəng edərək müharibəni dərhal dayandırmağa çağırıb.
Ər-Riyad ehtiyat edir ki, İranın və onun proksi qüvvələrinin (Yəmən husiləri, İraqdakı qruplaşmalar) cavab zərbələri krallığın neft-energetika infrastrukturunu və milyardlarla dollar dəyərində olan nəhəng tikinti layihələrini vura bilər. Hücumlar artıq Qırmızı dənizdə tankerlərin vurulması və dəniz ticarətinin iflic olması ilə müşayiət olunur.
Tramp ilə Şahzadə Məhəmməd arasında digər əsas qarşıdurma tərəfi İsrailin tanınmasıdır. Donald Tramp Saudiyyə Ərəbistanı ilə imzalanması planlaşdırılan mülki nüvə əməkdaşlığı sazişini Ər-Riyadın "İbrahim sazişlərinə" qoşulması və İsraillə diplomatik əlaqələr qurması şərtinə bağlayıb. Tramp açıq şəkildə "İsraillə əlaqələr olmasa, nüvə sövdələşməsi də olmayacaq" mövqeyini nümayiş etdirir.
Məhəmməd bin Salman isə Qəzza zolağında davam edən hərbi əməliyyatlar fonunda Saudiyyə cəmiyyətinin İsraillə yaxınlaşmaya hazır olmadığını bildirərək bu şərti rədd edir.
Ekspertlərin fikrincə, ABŞ-nin İranla sürətlə alovlanan müharibəsi və Trampın birbaşa təzyiqləri Vaşinqton-Ər-Riyad oxunda dərin çat yaradıb. Bu isə regional təhlükəsizlik arxitekturasını və qlobal neft bazarlarını ciddi təhdid altında qoyur.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər