Azərbaycanın keçmiş xarici işlər naziri, tanınmış diplomat Tofiq Zülfüqarovun “Minval Politika” nəşrinə verdiyi geniş müsahibədə Qarabağda antiterror əməliyyatının hüquüi və siyasi aspektlərini geniş təhlil edib.
O, vurğulayıb ki, 27 sentyabr 2020-ci il və 20 sentyabr 2023-cü il tarixləri Azərbaycanın yeni tarixində iki həlledici sütundur: "Birinci tarix regiondakı hərbi-siyasi nizamı kökündən dəyişən 44 günlük müharibənin başlanğıcı oldu, ikinci tarix isə Qarabağda hərbi əməliyyatların yekunlaşmasını və ölkənin bütün suveren ərazisində tam nəzarətin bərqərar edilməsini təmin etdi".
Diplomat qeyd edir ki, 20 sentyabr 2023-cü il hadisələrini təcrid olunmuş şəkildə deyil, 2020-ci ildən başlanan prosesin davamı kimi qiymətləndirmək lazımdır: "Həm 2020-ci ilin sentyabrında, həm də 2023-cü ilin sentyabrında Azərbaycan Ermənistanın ölkə ərazisində töratdığı silahlı təcavüzün nəticələrini aradan qaldırırdı. Təcavüz təkcə hərbi əməliyyatlar və qoşunların yerləşdirilməsi ilə məhdudlaşmırdı; onun normativ (Ermənistanın Konstitusiyası, müstəqillik bəyannaməsi), iqtisadi, tarixi və təbliğat komponentləri də mövcud idi. Azərbaycan bu elementlərin hamısını mərhələli şəkildə neytrallaşdırır".
O, qeyd edir ki, rəsmi tarixin dili ilə yanaşı, siyasi praktika müharibənin qaçılmazlığını çox əvvəldən göstərirdi. Zülfüqarov xatırladır ki, 2020-ci ilin iyulunda general Polad Haşımovun və digər hərbçilərimizin şəhid olması cəmiyyətdə qəzəb dalğası yaratmışdı: “İnsanlar heç kim tərəfindən təşkil olunmadan, sistemsiz şəkildə küçələrə çıxaraq dövləti və hüquq-mühafizə orqanlarını dəstəklədilər. Bu, artıq səbr kasasının dolduğunun və təcavüzkara son qoymaq vaxtının çatdığının açıq sübutu idi.
2016-cı ildən sonra diplomatik danışıqlara hələ də müəyyən ümidlər qalmışdı və Azərbaycan qan tökülmədən məsələni dinc yolla həll etmək üçün hər şeyi etdi. Lakin iyul hadisələrindən sonra başa düşüldü ki, başqa yol qalmır. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququ işə düşdü.
Diplomatiyanın nəticə verməməsinin kökündə Ermənistanın dövlət siyasəti və milli ideologiyası dayanır. İşğalçılıq siyasətini dəyişmək üçün nə siyasi iradə, nə də reallıqları dərketmə qabiliyyəti var idi. Üstəlik, bu siyasət kənardan – müxtəlif siyasi, mənəvi və təbliğat mərkəzləri tərəfindən dəstəklənirdi".
Zülfüqarov prosesin içində olan şəxs kimi etiraf edir ki, mövcud siyasi mexanizm və vasitəçilərin yanaşması konflikti uzatmağa hesablanmışdı və Azərbaycanın BMT Nizamnaməsinə əsaslanaraq öz hüquqlarını güc yolu ilə bərpa etməsindən başqa çıxış yolu yox idi.
Xarici vasitəçilərin mövqeyinə toxunan diplomat vurğulayır ki, onlar əslində Azərbaycanın nə istədiyini çox yaxşı başa düşürdülər. Çünki istənilən suveren dövlətin məqsədi ərazi bütövlüyünü bərpa etməkdir: “Məsələ onların Bakının mövqeyini anlamamasında deyil idi. Sadəcə olaraq, onlar inanmırdılar ki, Azərbaycan buna nail ola bilər – nə hərbi qücaqların qurulması, nə də cəmiyyətin bu səviyyədə konsolidasiyası baxımından".
Müstəqillik illərində böyüyən nəslin yetişməsi, ideya ətrafında birləşməsi və dövlət quruculuğu siyasəti xarici oyunçuların hesablamalarını alt-üst etdi. Neft kontraktları və beynəlxalq tədbirlər belə ölkənin iqtisadi inkişafı ilə yanaşı, informasiya blokadasını yarıb keçmək və mövqeləri gücləndirmək üçün strateji alət kimi istifadə olundu.
20 sentyabr 2023-cü ildən sonra Azərbaycanın xarici siyasətində əsas xətt öz maraqlarını müdafiə etmək üçün tam suveren hüquqdur. Bir çox ölkələr müəyyən bloklara və ya ideologiyalara tabe olmaq məcburiyyətində qalsa da, Azərbaycan müstəqil xətt yürütməyi bacarıb. Prezidentin daim vurğuladığı suverenlik və milli maraqlara əsaslanan qərarlar məhz bu ardıcıl siyasətin nəticəsidir".
Tofiq Zülfüqarov hesab edir ki, onilliklər sonra tarixçilər bu dövrü təhlil edərkən ən əsas məqam kimi əsrlər boyu dövlətçilik tarixində ilk dəfə olaraq Azərbaycan xalqının belə ağır sınaqdan alnıaçıq çıxmasını və siyasi millət kimi formalaşmasını qeyd edəcəklər.
“Xalq və millət eyni anlayışlar deyil. Xalq daha çox etnik mənsubiyyətdir, lakin millət – müəyyən dövlət və konseptual təməllər ətrafında birləşmiş vətəndaşlar cəmiyyətidir. Müharibə zamanı Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin tək bir bayraq – Azərbaycan bayrağı altında birləşməsi bunun sübutudur", - qeyd edir.
Sonda diplomat vurğulayır ki, hərbi mərhələ başa çatsa da, münaqişə ətrafında onilliklər boyu formalaşmış ideoloji, siyasi və təbliğat strukturlarının demontajı hələ yeni başlayır. Qarşıda postmüharibə inkişafının və yeni regional reallıqların formalaşdığı uzun bir yol var.
Rasim
"AzPolitika.info"


Şərhlər