Azərbaycanda avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə yeni limitlər tətbiq olunub. Gündəlik əməliyyat sayının 5-lə məhdudlaşdırılması və aylıq 20 min manatlıq limitin müəyyən edilməsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bildirilir ki, dəyişikliklərin məqsədi maliyyə əməliyyatlarında təhlükəsizliyi və şəffaflığı artırmaq, həmçinin dələduzluq və qanunsuz maliyyə dövriyyəsinin qarşısını almaqdır. Bununla yanaşı, yeni qaydaların gündəlik istifadəçilərə və sahibkarlara təsiri də maraq doğurur.
Bəs bu limitlər vətəndaşların rahatlığını məhdudlaşdıracaq, yoxsa maliyyə təhlükəsizliyini gücləndirəcək? Kartdan-karta köçürmələrə tətbiq edilən 5 əməliyyat limiti gündəlik istifadə üçün kifayət edirmi? Bu məhdudiyyətlər dələduzluq hallarını azaltmağa real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, kartdan-karta köçürmələrə limitlərin tətbiq edilməsinin bir sıra məqsədləri var.

Onun sözlərinə görə, kartdan-karta ödənişlər bəzi hallarda sahibkarların vergidən yayınmasına şərait yaradırdı: “Vətəndaş hər hansı məhsul və ya xidməti alır, ödənişi kart vasitəsilə həyata keçirmək istəyirdi. Lakin bəzi hallarda POS-terminalın işləmədiyi bildirilir və ya müxtəlif bəhanələr gətirilirdi. Nəticədə vətəndaşa kartdan-karta köçürmə etməsi təklif olunurdu. Bu isə təbii olaraq vergidən yayınma hallarına səbəb olurdu. Məqsəd məhz bu halların minimuma endirilməsi və nəzarətin gücləndirilməsidir.
İkinci məqsəd isə dələduzluq hallarının qarşısının alınmasıdır. Çünki haker hücumları nəticəsində vəsaitlərin bir kartdan digər karta köçürülməsi halları baş verir və nəticədə vətəndaşın kartındakı pul vəsaiti oğurlanır”.
Deputat qeyd edib ki, bu baxımdan tətbiq edilən məhdudiyyətlər maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir: “Nəzərə alsaq ki, aylıq limit 20 min manatdır, bu məbləğ praktik olaraq orta aylıq əməkhaqqından təxminən 20 dəfə çoxdur. Yəni limit əslində yüksəkdir. Bu da o deməkdir ki, vətəndaşların böyük əksəriyyəti kartdan-karta köçürmələri həmin limit çərçivəsində rahat şəkildə həyata keçirə biləcək. Gündəlik əməliyyat limitinin tətbiqi isə, qeyd etdiyim kimi, təhlükəsizliyin artırılmasına xidmət edir.
Bununla yanaşı, təklif edirik ki, birinci dərəcəli yaxın qohumlar arasında həyata keçirilən kartdan-karta köçürmələrə bu limitlər tətbiq edilməsin. Çünki bəzi hallarda yaxın qohumlar arasında müxtəlif səbəblərdən daha böyük məbləğdə vəsait köçürülməsinə ehtiyac yarana bilər.”
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı saytımıza açıqlama verərək fikirlərini bölüşüb.

Onun sözlərinə görə, məqsədin səmimi olduğuna inanır. Lakin qeyd edir ki, sivil ölkələrdə bu məqsədə limitlərin tətbiqi ilə deyil, rəqəmsal monitorinq sistemi vasitəsilə nail olunur: “Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini və onların mənbəyini bəyan edir. Buna görə də kartdan-karta köçürmə yolu ilə daxil olan vəsaitlərlə bəyan edilmiş gəlirlər arasında uyğunsuzluq aşkar edilərsə, vətəndaş məsuliyyətə cəlb olunur. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ya mənzil alanda, yaxud başqasına pul köçürəndə ondan vəsaitin mənbəyi soruşulsa, istənilən cavabı verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”. Sivil ölkələrdə isə belə cavab qəbul edilmir. Çünki hər bir vətəndaş hər il əmlakı və gəlirləri barədə bəyannamə təqdim edir”.
Ə.Həsənov bildirib ki, seçilmiş üsulun özü də bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil: “Necə yəni Mərkəzi Bank banklarla razılığa gəlib? Deməli, banklar könüllü şəkildə öz fəaliyyətlərinə məhdudiyyət qoyublar? Eyni vəziyyət xarici valyuta alışına tətbiq edilən illik 20 min manatlıq limitdə də müşahidə olunur. Guya bu məhdudiyyəti banklar öz təşəbbüsləri ilə tətbiq ediblər. Axı hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq qərarı könüllü qəbul edər?
Normal bazar iqtisadiyyatı şəraitində, xüsusilə vətəndaşların hüquqlarına təsir edən bu cür məhdudiyyətləri kommersiya qurumları deyil, dövlət müəyyənləşdirir. Buna görə də belə limitlər qanunvericilikdə öz əksini tapmalıdır.
Şübhəsiz ki, bu limitlər əhalinin böyük hissəsi üçün ciddi problem yaratmayacaq. Çünki insanların əksəriyyətinin aylıq 20 min manatlıq dövriyyəsi və ya gün ərzində beş dəfə köçürmə etmək ehtiyacı yoxdur. Lakin bu məhdudiyyətlər vergidən yayınmağa çalışan bəzi şəxslər üçün müəyyən çətinlik yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən ödənişləri hər dəfə öz kartına qəbul edə bilməyəcək. Amma bu problemi qismən yaxınlarının – ailə üzvlərinin və ya dostlarının kartlarından istifadə etməklə həll edə bilər. Ən asan çıxış yolu isə ödənişləri nağd şəkildə qəbul etməkdir.
Ən mənfi tərəfi də məhz budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir. Halbuki indiyədək dövlət nağdsız əməliyyatları izləyə bilirdi. Bundan sonra isə limiti aşan ödənişlər sadəcə nağd şəkildə həyata keçiriləcək və dövlət bu əməliyyatları görə bilməyəcək. Məqsədimiz doğrudanmı budur?”
Ekspert sonda vurğulayıb ki, tətbiq olunan limitlər vicdanlı vətəndaşların da hüquqlarını məhdudlaşdırır: “Məsələn, təsəvvür edin ki, bu ay hansısa şəxs mənə 25 min manat borcunu qaytarmalıdır. Niyə həmin məbləği kartdan-karta köçürə bilməsin? Sadəcə aylıq 20 min manat limiti olduğu üçün? Sivil ölkədə belə ödənişlərin həyata keçirilməsində heç bir problem olmamalıdır. Dövlət yalnız vəsaitin mənbəyi və əməliyyatın mahiyyəti ilə maraqlana bilər. Gəlir bəyannamələrinin tətbiq olunduğu ölkələrdə bunu araşdırmaq çətin deyil”.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər