Riyaziyyat, fizika, kimya və biologiya kimi fundamental elm ixtisaslarına marağın azalması ali təhsil sistemində də özünü göstərir. 2025-ci il üzrə “Abituriyent” jurnalında bu ixtisaslar üzrə boş qalan plan yerlərinin olması diqqət çəkən məqamlardan biridir. Mütəxəssislər bu tendensiyanın səbəblərinin araşdırılmasının vacibliyini vurğulayırlar. Marağın azalmasının gələcəkdə elm və əmək bazarına təsiri də müzakirə olunur.

Fundamental elm ixtisaslarına marağın azalmasının əsas səbəbləri nələrdir? Bu tendensiya gələcəkdə ölkənin elmi potensialı və əmək bazarı üçün hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib ki, riyaziyyat, fizika, kimya və biologiya kimi fundamental elm ixtisaslarına marağın kəskin azalması və təhsil plan yerlərinin boş qalması ölkənin gələcək elmi-iqtisadi dayaqlarını sarsıdacaq ciddi bir siqnaldır.

Onun sözlərinə görə, bu meylin kökündə dayanan əsas səbəb, ilk növbədə, əmək bazarındakı acınacaqlı maddi reallıqlardır: “Bu ixtisasları bitirən gənclər üçün əmək bazarında əsasən aşağı əməkhaqqı təklif edən müəllimlik və ya elmi-tədqiqat institutları açıq qalır. Müasir abituriyent isə daha qısa zamanda yüksək gəlir və çevik karyera vəd edən İT, biznes və maliyyə kimi sahələrə üz tutmağa məcbur olur. Digər tərəfdən, ölkədə kimya, biologiya və fizika məzunlarını yüksək maaşla işlə təmin edə biləcək böyük sənaye müəssisələrinin və özəl tədqiqat-inkişaf mərkəzlərinin məhdudluğu tələbələrin bu sahələrə marağını öldürür. Təhsilin mürəkkəb olması, laboratoriya bazalarının köhnəliyi, təcrübənin azlığı və nəzəriyyənin üstünlüyü də gənclərin bu çətin yoldan çəkinməsinə gətirib çıxarır. Cəmiyyətdə həkimlik və mühəndislik kimi sahələrin daha gəlirli və nüfuzlu sayılması da bu meyli gücləndirir”.

Ekspert qeyd edib ki, bu tendensiya gələcəkdə ölkənin elmi potensialı və əmək bazarı üçün çox ağır fəsadlar doğuracaq: “Ən böyük təhlükə illər boyu formalaşan elmi məktəblərin tamamilə silinməsi və xələfsizlik böhranının yaranmasıdır. Yaşlı alim heyətinin yerini alacaq yeni nəsil yetişmədiyindən, yaxın illərdə fundamental elmlər üzrə varislik qırılacaq. Bu böhran artıq məktəblərdən başlayaraq keyfiyyətli fizika, kimya və riyaziyyat müəllimlərinin çatışmazlığına yol açır və bu da növbəti nəsillərin savadsızlaşması kimi mənfi bir dövrə yaradır. Fundamental elmlər zəiflədikdə tətbiqi mühəndislik və İT sahəsi də öz dərinliyini itirir, çünki güclü riyazi və fiziki nəzəriyyəsi olmayan mühəndis yalnız xarici texnologiyanı istismar edən operatora çevrilir, yeni texnologiya yarada bilmir. Yekunda bu vəziyyət ölkənin sənaye, səhiyyə, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində tamamilə xarici elmi kadrlardan və texnologiyalardan asılı hala düşməsinə, başqa sözlə, milli təhlükəsizlik və müstəqillik risklərinə gətirib çıxaracaq”.

Oğuz Ayvaz

"AzPolitika.info"