Ötən gecə Rusiya, paytaxt Kiyev başda olmaqla, Ukraynanın bir neçə iri şəhərinə kütləvi raket və PUA hücumu həyata keçirib. Əsasən mülki infrastrukturun və hətta yaşayış binalarının hədəf alındığı bildirilir. Nəticədə onlarla ölən və xeyli yaralananlar var. 

“AzPolitika” xəbər verir ki, Ukrayna paytaxtının bir neçə rayonunda dağıntılar və yanğınlar qeydə alınıb. Bu barədə mer Vitali Kliçko sosial mediada məlumat paylaşıb. Dövlət Fövqəladə Hallar Xidməti cümə axşamı gecəsi Ukrayna paytaxtında baş verən hücum nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib. İki rayonda yanğınlar baş verib. Kiyevin Obolonski rayonunda bazar köşkləri 100 kvadrat metr ərazidə yanıb, yanğın hələ də söndürülməyib. Xilasedicilərin sözlərinə görə, Svyatoşinski rayonunda qaraj kooperativinin ərazisində yanğın baş verib və oradan bir nəfərin cəsədi çıxarılıb.

Ukraynanın digər böyük şəhəri olan Lvovda Rusiyanın raket zərbəsi nəticəsində bir xilasedici də daxil olmaqla 15 nəfər yaralanıb. Mer Andrey Sadovıy və Lvov Şəhər Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitskiy iki çoxmərtəbəli yaşayış binasının vurulduğu barədə məlumat veriblər. "İnsanlar Paton küçəsindəki binanın dağıntıları altında qalıblar. Xilasetmə əməliyyatı davam edir. Sakinlər xilasedicilərə dağıntıları təmizləməyə kömək edirlər", - Sadovıy başqa bir paylaşımında yazıb.

Xarkovda Novobavarski rayonundakı sənaye zonasına “Şahed” PUA-sı ilə zərbə endirilib. Bu barədə şəhər meri İqor Terexov məlumat paylaşıb.

Ukrayna mediası Vinnitsa, Çerkası, Krivoy Roq və Sumı rayonlarında, eləcə də İvano-Frankovsk bölgəsində partlayışlar barədə məlumat yayıb.

Krivoy Roq şəhərinin yaxınlığındakı Raduşne kəndində “İskəndər-M” ballistik raketi böyük bir ailənin yaşadığı fərdi evə düşüb. Nəticədə 5 və 12 yaşlı qızlar da daxil olmaqla, 6 nəfər həlak olub. Şəhər müdafiə şurasının rəhbəri Oleksandr Vilkul bildirib ki, 6 və 15 yaşlı oğlanlar da daxil olmaqla daha səkkiz nəfər yaralanıb. "Təəssüf ki, ölənlərin sayı arta bilər", - Vilkul Telegram kanalında yazıb.

Poltava bölgəsində özəl müəssisənin anbarına pilotsuz təyyarə hücumu qeydə alınıb. Bir nəfər həlak olub. Regional hərbi administrasiyanın rəhbəri Vitaliy Dyakivniç bu barədə məlumat paylaşıb. O, əlavə edib ki, "Nova Poçta" logistika şirkətinin terminalına da hücum edilib, anbardakı yanğın artıq söndürülüb və itki yoxdur.

Ukrayna Prezidenti Volodimir Zelenski dünən 30 iyul gecəsi Rusiyanın kütləvi hava hücumu ehtimalının yüksək olması barədə xəbərdarlıq etmişdi.

Ukrayna isə Rusiyanın logistika infrastrukturuna zərbələrini davam etdirib. Ötən gecə Ukrayan PUA-ları Rusiyanın Penza şəhərindəki “Wildberries” mərkəzinə zərbə endiriblər. Nəticədə mərkəzdə böyük yanğın baş verib. Penza vilayətinin qubernatoru Oleq Melniçenko məlumatı təsdiqləyib. İlkin məlumatlara görə, nəticədə bir nəfər yaralanıb, təxminən 200 işçi təxliyə edilib. "Anbarda açıq yanğın müşahidə olunur və yanğınsöndürənlər alovla mübarizə aparırlar", - deyə o əlavə edib.

18 iyuldan bəri Ukrayna Rusiyadakı “Wildberries” logistika terminallarına ən azı doqquz hücum təşkil edib. Moskva yaxınlığında, Sankt-Peterburqda, Krasnodarda, Nevinnomısskda və ilhaq edilmiş Krımdakı Simferopolda anbarlara hücum edilib. 29 iyulda Ryazandakı logistika kompleksində dron hücumu nəticəsində yanğın baş verib.

Qeyd edək ki, bir gün öncə Rusiya Prezidenti Vladimir Putin öz auditoriyasına xitabən “SVO bitəndən sonra nə ilə məşğul olacağıq” deyə sual vermişdi. Göründüyü kimi, Kreml başçısı dinc insanları qətlə yetirmək, dinc şəhərləri bombalamaq, işğalı davam etdirmək, eyni zamanda da öz vətəndaşlarını cəbhədə qırdırmaq və hər gün Ukrayna PUA-larının yaratdığı təşviş içərisində yaşamağa məcbur etməkdən başqa məşğul olacaq iş tapmır…

C.Məmmədli

“AzPolitika.info”