Politoloq Fərhad Məmmədov NATO-nun Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Kris Hemiltonun regiona səfərini və bu təyinatın pərdəarxasını şərh edərək maraqlı məqamlara toxunub.
"AzPolitika"nın məlumatına görə, ekspert bildirib ki, Kris Hemiltonun təyinatı və onun keçmiş diplomatik fəaliyyəti Bakıda haqlı olaraq ciddi suallar və ehtiyatlı yanaşma doğurur.
O diqqətə çatdırıb ki, Hemilton bundan əvvəl Kanadanın Türkiyə və Azərbaycandakı səfiri vəzifəsini icra etsə də, onun iqamətgahı Ankarada yerləşirdi, çünki Kanadanın Bakıda rəsmi səfirliyi yoxdur.
Politoloq vurğulayıb ki, bu amil vaxtilə Ottavanın Azərbaycana qarşı diplomatik prioritetlərinin aşağı olmasının və münasibətlərə kənardan baxmasının bariz göstəricisi idi.

Kanadanın son illərdə Cənubi Qafqaz siyasətində tutduğu mövqeyə toxunan Fərhad Məmmədov qeyd edib ki, bu ölkə Fransa ilə eyni xətti bölüşərək regionda açıq şəkildə birtərəfli və Ermənistanı dəstəkləyən bir xətt yürüdür: "Kanadanın İrəvanda səfirlik açması və Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına qoşulması Bakının ciddi narazılığına səbəb olub. Belə bir dövlətin diplomatının NATO adından xüsusi nümayəndə təyin edilməsi alyansın obyektiv və tərəfsiz vasitəçi imicinə hələ prosesin əvvəlindən böyük kölgə salır".
Fərhad Məmmədov bu vəziyyəti Rusiya-Ukrayna müharibəsi kontekstində İran diplomatının hər hansı beynəlxalq missiyaya rəhbər təyin olunması ehtimalı ilə müqayisə edib.
"Əgər bir dövlət rəsmi səviyyədə münaqişə tərəflərindən birinin maraqlarını müdafiə edirsə, onun nümayəndəsi digər tərəf üçün etimad qazana bilməz. Beynəlxalq mandat daşımasına baxmayaraq, Hemiltonun qərəzli Kanada diplomatik məktəbinin yetirməsidir", - F.Məmmədov qeyd edib.
Sonda politoloq əlavə edib ki, Azərbaycan bu səfərə və yeni nümayəndənin fəaliyyətinə sadəcə formal prosedur kimi yanaşacaq. Çünki ki, Bakı NATO-nun əsas hərəkətverici gücü olan Türkiyə ilə sarsılmaz strateji müttəfiqliyə və alyansın digər böyük dövlətləri ilə birbaşa praqmatik əlaqələrə malikdir.
Fərhad Məmmədov əminliyini ifadə edib ki, rəsmi Bakı Paris-Ottava tandeminin maraqlarının NATO platforması üzərindən bölgəyə daşınmasına imkan verməyəcək və real təhlükəsizlik məsələləri daha etibarlı ikitərəfli kanallarla həll olunacaq.
"AzPolitika.info"

Şərhlər