Xəbər verdiyimiz kimi, Venesuelanın şimal sahillərində bir dəqiqəlik fasilə ilə 7.2 və 7.5 maqnitudalı iki güclü və dağıdıcı zəlzələ baş verib.

Yeraltı təkanlardan sonra ölkədə fövqəladə vəziyyət elan edilib, bütün təhlükəsizlik qüvvələri və təcili xidmət orqanları səfərbər olunub.

ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirmələrinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 10 min ilə 100 min nəfər arasında dəyişə bilər. Dəqiq itkilər barədə hələlik rəsmi məlumat verilməyib.

Musavat.com xəbər verir ki, zəlzələ ölkənin bütün regionlarında hiss olunub. Paytaxt Karakasda çoxsaylı binalara ciddi ziyan dəyib, tikililər uçub. Hazırda xilasedicilər dağıntılar altında qalan sakinlərin xilas edilməsi və xəsarət alanların tapılması istiqamətdə fasiləsiz operativ axtarış işləri həyata keçirirlər. Baş verən dağıntılar və təhlükəsizlik riskləri səbəbindən Karakas tərəfdə yerləşən beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb. Aeroport binasının dam örtüyünün bir hissəsinin çökdüyü bildirilir.

ABŞ Geoloji Xidmətinin Karib dənizi regionunun seysmotektonikasına dair hesabatına əsasən, bu zəlzələ Venesuelanın sözügedən bölgəsində son 126 ildə qeydə alınan ən güclü yeraltı təkan fəlakətidir. Bu zəlzələ öz miqyasına görə yalnız 1900-cü ilin oktyabrında baş vermiş 7.7 maqnitudalı tarixi zəlzələ ilə müqayisə oluna bilər. Regionda vəziyyət gərgin olaraq qalır.