2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Türkiyə millisi ABŞ yığmasını dramatik mübarizədən sonra 3:2 hesabı ilə məğlub edib. 

"AzPolitika" xəbər verir ki, qarşılaşmanın taleyini həll edən qolu əlavə vaxtda Kaan Ayhan vurub

Türkiyə yığması Paraqvay və Avstraliyaya məğlubiyyətlərdən sonra turnirdə ilk qələbəsini əldə edərək mundialı qalibiyyətlə başa vurub.

Qeyd edək ki, Los-Ancelesdə keçirilən qarşılaşma ilk dəqiqələrdən yüksək temp və gərgin mübarizə ilə yadda qalıb.

Oyunda hesabı ABŞ millisi açıb.Buraxılan qoldan sonra təşəbbüsü ələ alan Türkiyə millisi qısa müddətdə oyunda tarazlığı bərpa edib. Hücumun qurulmasında Arda Güler fərdi ustalığı ilə rəqib müdafiəsini yararaq epizodu inkişaf etdirib. Onun yaratdığı imkanın davamında Barış Alper Yılmazın ötürməsini qəbul edən Güler cərimə meydançasında soyuqqanlı davranaraq topu qapıdan keçirib və 10-cu dəqiqədə hesabı 1:1-ə çatdırıb. Bu qol Türkiyə yığmasının oyuna yenidən qayıtmasına və görüşün gedişatını öz xeyrinə dəyişməsinə mühüm təsir göstərib.

31-ci dəqiqədə Türkiyə hesabda önə keçib. Arda Gülerin dəqiq ötürməsindən sonra sol cinahdan irəliləyən Eren Elmalı topu cərimə meydançasına göndərib, Barış Alper Yılmaz isə epizodu qolla tamamlayaraq hesabı 2:1-ə çatdırıb.

Fasilədən sonra ABŞ daha fəal təsir bağışlayıb və 49-cu dəqiqədə Sebastian Berhalter uzaq məsafədən dəqiq zərbə ilə hesabı yenidən bərabərləşdirib.

Oyunun gedişində ABŞ-ın lider futbolçusu, "Kapitan Amerika" ləqəbi ilə tanınan Kristian Pulisik meydana daxil olub. Zədəsini geridə qoyaraq yaşıl meydana qayıdan hücumçu ABŞ-ın hücumlarına dinamika qazandırsa da, Türkiyə müdafiəsi və qapıçısı etibarlı oyun nümayiş etdirərək rəqibə qol imkanı verməyib.

Türkiyə də əks-hücumlarla təhlükə yaratmağa davam edib. Qarşılaşmanın taleyi isə əlavə vaxtda həll olunub. Cərimə meydançasında yaranan qarışıqlıqdan yararlanan Kaan Ayhan yaxın məsafədən dəqiq zərbə ilə komandasına 3:2 hesablı qələbə qazandırıb.

Final fitindən sonra Türkiyə millisi mundialla qələbə ilə vidalaşmağın sevincini yaşayıb. ABŞ isə məğlub olsa da, D qrupunu lider başa vuraraq pley-off mərhələsinə vəsiqəni təmin edib.