İyunun 26-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir neçə regionuna kütləvi zərbələr endirib. Hücumun əsas hədəflərindən biri Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən və Rusiya hərbi sənayesi üçün strateji əhəmiyyət kəsb edən “Azot” kimya zavodu olub.

“AzPolitika” xəbər verir ki, yerli sakinlərin və monitorinq kanallarının məlumatına görə, sənaye müəssisəsinə hücum bir neçə saat davam edib.

Şahidlərin bildirdiyinə görə, hücum zamanı zavodun ərazisində güclü partlayışlar baş verib, ətrafı qatı tüstü bürüyüb və havada kəskin ammonyak qoxusu hiss olunub. Hücumdan dərhal sonra ərazidə elektrik təchizatında ciddi fasilələr yaranıb.

Eyni zamanda, zavodun struktur bölməsi olan və şəhərin yaşayış sektorunun 60%-ni istiliklə təmin edən Novomoskovsk İES-də (İstilik Elektrik Stansiyası) də güclü yanğın qeydə alınıb. Yanğın faktı NASA-nın yanğın monitorinq sistemləri (FIRMS) tərəfindən də təsdiqlənib.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev Novomoskovskda sənaye müəssisəsinə və elektrik ötürücü xətlərinə ziyan dəydiyini rəsmən təsdiqləyib. Qubernatorun sözlərinə görə, vilayət üzərində ümumilikdə 157 PUA vurulub. Hücum nəticəsində Şşekinski rayonunda xəsarət alan bir mülki şəxsə tibbi yardım göstərilir.

"Evroxim" holdinqinə daxil olan Novomoskovsk "Azot" zavodu Rusiyanın ən böyük ammonyak və azot gübrələri istehsalçısıdır. Lakin müəssisənin əsas strateji əhəmiyyəti onun hərbi sənaye kompleksi ilə bağlılığıdır: Burada istehsal olunan sirkə və azot turşuları artilleriya mərmilərinin hazırlanmasında istifadə edilən oktogen və heksogen partlayıcı maddələrinin xammalı rolunu oynayır. Müəssisə iyunun 14-də də Ukrayna dronlarının hədəfi olmuşdu.

Peyk görüntüləri və yerli mənbələrin məlumatına görə, kütləvi hücumun digər coğrafiyası belə olub:

Moskva və ətrafı: Paytaxt meri Sergey Sobyanin gecə ərzində şəhər və vilayət istiqamətində azı 47 dronun vurulduğunu, bəzi aeroportlarda uçuşlara müvəqqəti məhdudiyyət qoyulduğunu açıqlayıb.

Krım (Kerç): İşğal altındakı Krımın Kerç şəhərində Rusiya HHM qüvvələrinə məxsus "Pantsir-S1" zenit-raket komplekslərinin və radiolokasiya stansiyalarının yerləşdiyi aerodrom ərazisi vurulub, güclü yanğın başlayıb.

Rusiya Müədisə Nazirliyi isə bəyan edib ki, gecə ərzində ölkənin müxtəlif regionları, Krım və Qara dəniz akvatoriyası üzərində ümumilikdə 660 Ukrayna PUA-sı məhv edilib.

Rasim

“AzPolitika.info”