Rusiya, Nikol Paşinyanın partiyasının parlament seçkilərində qələbəsindən və Avropa Birliyindən İrəvana maliyyə yardımı ayrılmasından sonra Ermənistandan idxala qoyulan məhdudiyyətləri sərtləşdirməyə davam edir.
“AzPolitika” xəbər verir ki, bu gün “Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) Ermənistana aid iki istehsalçıda - MF Export MMC və Invest Plus MMC-də "aşkar edilmiş pozuntular" səbəbindən Ermənistan balıq məhsullarının idxalına tam qadağa qoyduğunu elan edib. Bu barədə TASS rəsmi məlumat yayıb.
Daha əvvəl Rusiya hakimiyyət orqanları Ermənistandan bütün digər balıq idxalçılarına qadağa qoymuş, yalnız bu ikisinə icazə vermişdi.
“Rosselxoznadzor”-un məlumatına görə, toplanmış materialların təhlili əsasında "bu şirkətlərin məhsullarının sertifikatlaşdırılmasının pozuntular aradan qaldırılana qədər dayandırılması" qərarı verilib.
Moskva daha əvvəl güllərdən tərəvəzlərə qədər müxtəlif kateqoriyalı Ermənistan mallarının idxalına və daxili satışına bir sıra məhdudiyyətlər qoymuşdu.
Bu fonda Avropa Birliyi "Ermənistanın iqtisadi dayanıqlığını gücləndirmək üçün həmrəylik tədbirləri" olaraq İrəvana maliyyə yardımı göstərməyə başlayıb. 34 milyon avroluq ilk tranş ötən həftə Ermənistan hakimiyyətinə çatdırılıb.
Ümumilikdə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen təcili yardım paketinin bir hissəsi olaraq Ermənistana 50 milyon avro ayıracağına söz verib.
“AzPolitika.info”

Şərhlər