Rusiyanın Voronej vilayətindən olan bloqer və Ukraynadakı müharibənin keçmiş iştirakçısı Aleksandr Lunin Rusiya Prezidenti Vladimir Putinə qiyam hədəli video müraciət ünvanlayıb.
Cəmi bir neçə gün ərzində milyonlarla baxış toplayan müraciətdə keçmiş hərbçi Kremldən "canlı yayımda auditoriya" tələb edib, əks halda ordunun Moskvaya qarşı dönəcəyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, Rusiyanın müstəqil "Agentstvo" və "Meduza" nəşrləri bloqerin şəxsiyyətini araşdırıb və onun həqiqətən də cəbhədə döyüşdüyünü təsdiqləyib. Araşdırmalara görə, Lunin 2023-cü ilə qədər Pustovalov soyadını daşıyıb, işğal altındakı Melitopolda Sudoplatov adına könüllülər batalyonunda kəşfiyyat manqasının komandiri olub və 2025-ci ildə cəbhədən kənarlaşdırılıb.
Lunin öz müraciətində Rusiya ordusunun komandanlıq strukturunda dəhşətli korrupsiya və işgəncə faktlarının mövcud olduğunu iddia edib.
Onun sözlərinə görə, cəbhədəki hərbçilər ağır şəraitdə saxlanılır:"Hazırda onlarla, yüzlərlə, minlərlə əsgərimiz öz komandirləri tərəfindən cəzalandırılaraq 'zindanlarda' (qazılmış quyularda) oturublar. Orada çürüyürlər, yerli 'gestapo' tərəfindən işgəncə və zorakılığa məruz qalırlar. Onlar sadəcə ağılsız, intihar xarakterli əmrləri yerinə yetirməkdən və qazandıqları pulları komandirlərinə verməkdən imtina etdikləri üçün bu günə salınırlar. Sonda isə onları 'sıfırlayırlar' — itkin düşmüş kimi rəsmiləşdirirlər".
Bloqer iddia edir ki, iyunun 24-ü və 25-də Voronej vilayətində Rusiya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının yüksək rütbəli nümayəndələri onunla gizli görüş keçiriblər.
Onun sözlərinə görə, həmin rəsmilər ölkədəki vəziyyətin kritik olduğunu bildirərək, bu mesajı prezidentə çatdırmağı ondan xahiş ediblər:"Əgər yaxın vaxtlarda mən Kremlyə gəlməsəm və canlı yayımda sizinlə yan-yana çıxış etməsəm, ordu öz silahını Kremlyə tərəf çevirəcək. Mən sadəcə mesajı ötürürəm, üsyan lideri deyiləm. Amma bu blef deyil. Əgər mənə və ya ailəmə bir şey olarsa, bu, hərəkətə keçmək üçün birbaşa siqnal olacaq və ölkədə əsl ətçəkən maşın başlayacaq".
Müstəqil mənbələr Luninin Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdüyü barədə iddialarını rəsmən təsdiqləyə bilməsə də, Kremlin bu müraciətə hələlik heç bir reaksiya verməməsi diqqət çəkir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə daxili mütəşəkkilliklə bağlı yaranan suallara cavab olaraq ümumi vəziyyətin "mürəkkəb, lakin nəzarət altında" olduğunu bildirməklə kifayətlənib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər