Ukrayna Silahlı Qüvvələri və Təhlükəsizlik Xidməti Rusiyanın daxili regionlarına və işğal olunmuş ərazilərdəki strateji obyektlərə genişmiqyaslı və koordinasiyalı zərbələr endirib. Rusiya resurslarının və hərbi mənbələrin yaydığı məlumatlara görə, gecə saatlarında bir neçə vilayətdə güclü partlayışlar qeydə alınıb.

“AzPolitika” baş verən son hücumların əsas təfərrüatlarını təqdim edir:

Lipetsk-2 aerodromu vurulub. Belə ki, Lipetsk vilayətində yerləşən və Rusiya Aerokosmik Qüvvələrinin 4-cü uçuş heyətinin hazırlanması və poliqon sınaqları mərkəzinin yerləşdiyi hərbi aerodroma pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilib. Qeyd edək ki, bu bazada Rusiyanın ən müasir döyüş təyyarələri – Su-34, Su-35 və MiG-31 qırıcıları yerləşir.

Volqoqradda hərbi zavoda raket zərbəsi haqda daha əvvəl “AzPolitika” məlumat yaymışdı. Qeyd edək ki, Volqoqrad şəhərindəki mühüm müdafiə sənayesi müəssisəsi Ukrayna istehsalı olan "Flamingo" raketləri ilə hədəfə alınıb. Bu zavod Rusiya ordusunun nüvə və taktiki arsenalının əsasını təşkil edən "İskander-M", "Yars", "Topol-M" və "Sarmat" kompleksləri üçün komponentlər istehsal edir. Zərbədən sonra müəssisə ərazisində güclü yanğın başlayıb.

Gecə saatlarında Moskvanı qidalandıran stansiyada partlayış baş verib Ukrayna Təhlükəsizlik Xidməti (XTS) ay ərzində artıq ikinci dəfə olaraq Moskvanı yanacaqla təmin edən strateji "Vtorovo" neftvurma stansiyasını sıradan çıxarıb.

Krım yarımadasında və ətrafında da intensiv əməliyyatlar keçirilib. Teodosiyada (Feodosiya) Rusiyaya məxsus "Pantsir-S1" zenit-raket toplar kompleksi, Kerç yaxınlığında isə "Petropavlovsk" bərəsi vurulub. Eyni zamanda, Geniçesk boğazı üzərindən Krıma gedən mühüm körpülərdən birinin uçduğu bildirilir.

Belqorod vilayətinin Şebekino rayonunun Rjevka kəndində baş verən güclü partlayışdan sonra göyə ucalan tüstü dumanı 35 kilometr aralıda yerləşən Belqorod şəhərindən də aydın görülüb.

Ekspertlər bu kütləvi hücum dalğasını Ukrayna Prezidenti Volodimir Zelenskinin bir müddət əvvəl anonsunu verdiyi xüsusi strateji planla əlaqələndirirlər. Məlumata görə, Ukrayna lideri Rusiyanı sülhə məcbur etmək və üzərindəki təzyiqi maksimuma çatdırmaq məqsədilə Kəşfiyyat Xidmətinin hazırladığı 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.

Müşahidəçilər bugünkü zərbələri həmin genişmiqyaslı planın ilk günü və "böyük hücumun başlanğıcı" kimi qiymətləndirirlər. Analitik dairələrdə Ukraynanın Rusiyanın iqtisadi və hərbi resurslarının tam çökməsini gözləmədən, prosesi məhz bu 40 gün ərzində sürətləndirmək və müharibənin gedişatını qəti şəkildə dəyişmək istədiyi vurğulanır.

Rasim Əliyev

"AzPolitika.info"