Cəlilabadda yaşayıb-yaradan ustad pedaqoq, şair, Cəlilabad Rayon Ağsaqqallar Şurası İdarə heyətinin və DGTYB Məsləhət Şurasının üzvü Zülfi Vellidağın yeni şeirlər kitabı – “Qəlbimdən gələn səslər” gün üzü görüb. Vətəncanlı şeirlərin üstünlük təşkil etdiyi bu, ikinci kitabı – “Qəlbimdən gələn səslər” 26 İyun – Silahlı Qüvvələr Günündə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində ictimaiyyətə təqdim olunub.
"AzPolitika" xəbər verir ki, şairin 75 illik yubileyi münasibətilə ərsəyə gələn kitab müəllifin uzun illər ərzində formalaşmış həyat və yaradıcılıq təcrübəsini özündə əks etdirən zəngin poetik topludur.
Kitabda müxtəlif janrlarda qələmə alınmış şeirlər, o cümlədən bayatılar, qəzəllər, mənzum hekayələr, təmsillər, poemalar, eləcə də müəllifin həyat müşahidələrini əks etdirən “Yarpaqlar” silsiləsi yer alıb. Vətən sevgisi, milli yaddaş, Güney Azərbaycan mövzusu, şəhidlik, mənəvi dəyərlər, ədalət axtarışı, ümumən insan taleyi kitabın əsas ideya xəttini təşkil edir.
Müəllif klassik Azərbaycan poetik ənənələrini çağdaş düşüncə ilə uzlaşdıraraq sadə, səmimi və xəlqi üslubda oxucu ilə ünsiyyət qurur. Kitabda yer alan poetik örnəklərdə müəllim ömrünün təcrübəsi, xalq hikməti və müəllifin vətəndaş mövqeyi aydın şəkildə hiss olunur.
Təqdimatda rayon ictimaiyyətinin nümayəndələri, dövlət və ictimai qurumların təmsilçiləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvləri, yazıçı və şairlər, alimlər və mədəniyyət işçiləri iştirak edib.
Milli Məclisin deputatı, professor Elman Nəsirov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti, təqdimatı keçirilən kitabın önsöz müəllifi Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov, AYB Həmkarlar İttifaqının sədri, şair-publisist Faiq Balabəyli, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, tarixçi, publisist Cavid İsmayıl, həmçinin Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri çıxış edərək müəllifin Azərbaycan ədəbiyyatına, təhsil sahəsinə və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələri yüksək qiymətləndirib, yeni kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inam ifadə ediblər.
Çıxışlarda vurğulanıb ki, Zülfi Vellidağın yaradıcılığı xalq ruhuna bağlılıq, mənəvi məsuliyyət və vətənpərvərlik kimi yüksək dəyərlər üzərində formalaşıb. Onun “Qəlbimdən gələn səslər” kitabı da bir aydın ömrünün, zəngin həyat təcrübəsinin və mənəvi yolun poetik salnaməsi kimi dəyərləndirilib.
Tədbir çərçivəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın müəllifə ünvanladığı təbrik məktubu oxunub. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin “Fəxri diplom”u, DGTYB-nin plaketi və digər hədiyyələr yubilyara təqdim edilib.
Mərasimin sonunda iştirakçılara, təqdimatın təşkilində əməyi kdçən hər kəsə təşəkkür edən Zülfi Vellidağ “Qəlbimdən gələn səslər”i oxucular üçün imzalayıb.
Onu da vurğulayaq ki, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının redaktoru olduğu kitab “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla Gün üzü görüb.
Qeyd edək ki, Zülfi Vellidağ (Zülfi İbrahim oğlu Məcidov) – 1951-ci ildə Cəlilabadın Şatırlı kəndində anadan olub. O, 1967-ci ildə ADPU-nun Filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildən pedaqoji və ədəbi fəaliyyətə başlayıb.
Zülfi Vellidağ pedoqoji fəaliyyəti illərində ardıcıl olaraq üç dəfə Respublika Müəllimlərinin Qurultayına nümayəndə seçilib, qabaqcıl iş təcrübəsi yayılıb, 1987-ci ildə "Baş müəllim" adına layiq görülüb, dəfələrlə "Fəxri fərman"larla təltif edilib və uzun illər Cəlilabad rayon Təhsil Şurasının üzvü olub. Onun onlarla yetirməsi ali təhsil alıb və hazırda müxtəlif sahələrdə uğurla çalışmaqdadır.
Z.Vellidağ hələ 1970-ci ildə "Əmək nəğməsi" adlı ilk şeirini Xalq şairi S.Vurğunun yaradıcılığından təsirlənərək yazıb; şeirləri müxtəlif qəzet və jurnallarda yayınlanıb.
2015-ci ildə "Sükutun dili" adlı ilk şeirlər kitabı çıxan Z.Vellidağın yazıları davamlı olaraq mətbuat orqanlarında yayınlanmaqdadır.
Qardaş Qazaxıstanda Azərbaycan və qazax dillərində nəşr edilən "Otan" (“Vətən”) qəzeti ötən illərdə onun yaradıcılığına xüsusi bir səhifə ayırıb.

Şərhlər