Avropada anomal istilər davam edir.
"AzPolitika" "Qafqazinfo”ya istinadən xəbər verir ki, bir sıra ölkələrdə temperatur rekord həddə çatıb.
Almaniyanın Meteorologiya Xidmətinin məlumatına görə, ölkədə ilkin rekord Saksoniya-Anhalt əyalətinin Mökern-Drevitz bölgəsində qeydə alınıb.
Burada havanın temperaturu 41,5 dərəcəyədək yüksəlib.
Hətta, vəziyyət o həddə çatıb ki, şəhər polisi suçiləyən maşınlarla əhaliyə yardım göstərib.
Fransada da güclü istilər səbəbindən yeni temperatur rekordları qeydə alınıb. Ölkənin bir sıra bölgələrində termometrlər 40 dərəcəni ötüb. Meteoroloqlar bu göstəricilərin iyun ayı üçün rekord səviyyəyə yaxın olduğunu bildirirlər.
Polşanın şimalında yerləşən Torun şəhərində anomal isti hava şəraiti qeydə alınıb. Havanın temperaturu 40,3 dərəcəyə yüksələrək ölkə tarixində yeni rekord həddə çatıb.
Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun mətbuat katibi “Polsat” televiziyasına açıqlamasında bildirib ki, bundan əvvəlki rekord temperatur düz 105 il əvvəl – 29 iyun 1921-ci ildə qeydə alınıb. Həmin vaxt ölkənin qərbindəki Proşkov şəhərində termometrlər 40,2 dərəcəni göstərib. Torundakı son göstərici ilə bir əsrlik rekord yenilənmiş olub.
Müşahidə olunan həddindən artıq bürkü və yüksək temperatur səbəbindən Polşada meteoroloji təhlükə səviyyəsi artırılıb. Belə ki, ölkə ərazisində rəsmi olaraq ikinci və üçüncü (ən yüksək) səviyyəli xəbərdarlıq elan edilib.
Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edərək bildirib ki, davam edən isti hava dalğası insanların sağlamlığına, kənd təsərrüfatına və ekosistemə ciddi mənfi təsir göstərə bilər. Bir sıra ölkələrdə meşə yanğınları riskinin də artdığı qeyd olunur

Şərhlər