Mərkəzi Bankı kredit risklərinin idarə edilməsi qaydalarına mühüm dəyişikliklər edib. Bu addım məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi məqsədi daşıyır.
İqtisadçı deputat Vüqar Bayramov yeni qaydaları şərh edərək bildirib ki, cari ilin oktyabr ayından qüvvəyə minəcək dəyişikliklər vətəndaşlara məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət qoymaq imkanı verəcək.
Onun sözlərinə görə, riskləri nəzərə alaraq vətəndaşlar Azərbaycan Kredit Bürosu vasitəsilə sorğu yerləşdirərək bütün kredit təşkilatlarında məsafədən kredit rəsmiləşdirilməsinə tam qadağa qoya biləcəklər: "Eyni zamanda, yalnız müştərisi olduqları konkret kredit təşkilatına müraciət etməklə də bu məhdudiyyəti tətbiq etmək mümkün olacaq. Kredit təşkilatları isə məsafədən kredit verməzdən əvvəl mütləq bu qadağanın olub-olmadığını yoxlamalıdırlar".
Digər mühüm yenilik isə məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə gözləmə müddətinin tətbiq edilməsidir. Qaydalara əsasən, kreditin məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saatdan sonra, bu həddi aşdıqda isə 24 saat sonra müştərinin hesabına köçürüləcək.
Deputat vurğulayıb ki, qadağaların tətbiqi müsbət addım olsa da, bu daha çox ənənəvi bir yanaşmadır. Məsafədən kreditləşmədə məhdudiyyətlərin yaradılmasına əsas səbəb kiberdələduzların vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir.
Qeyd olunub ki, 2024-2025-ci illəri əhatə edən dövrdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib və 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb. Bu baxımdan, təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsi mühüm aktuallıq kəsb edir. Yeni qaydaların nə dərəcədə səmərəli olduğunu isə gələcəkdə bu qadağa hüququndan istifadə edəcək vətəndaşların statistikası göstərəcək.
Vüqar Bayramov gözləmə müddəti ilə bağlı fərqli və daha effektiv bir mexanizm də təklif edib. Onun fikrincə, sadəcə zaman məhdudiyyəti qoymaq yerinə məsafədən kreditləşmədə tranşların tətbiq olunması daha məqsədəuyğundur: "Minimum əməkhaqqının iki misli bəzi kreditlər üçün çox az, bəziləri üçün isə əhəmiyyətli məbləğdir. Bu səbəbdən, minimum əməkhaqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılmalı, kredit götürən şəxs vəsaiti aldığını təsdiqlədikdən sonra bir sutka ərzində qalan məbləğ ödənilməlidir".
Sonda iqtisadçı deputat maarifləndirmə məsələsinə xüsusi diqqət çəkib. O bildirib ki, vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə kiberdələduzlar hər bir imkandan yararlanmağa çalışacaqlar. "Bu proses isə təkcə Mərkəzi Bank tərəfindən deyil, həm də fərqli və xüsusən də müstəqil steykholderlər (tərəfdaşlar) tərəfindən aktiv şəkildə həyata keçirilməlidir", - deputat vurğulayıb.
Rasim
"AzPolutika.info"

Şərhlər