Ermənistan Milli Məclisinin sədr müavinləri (vitse-spiker) vəzifələri uğrunda mübarizə bu gün başa çatır.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyəti bu axşam keçiriləcək iclasda qapalı və gizli səsvermə yolu ilə yekun qərarını verəcək.
Parlamentin iki vitse-spikeri postu uğrunda hakim partiyadan 5 iddialı namizəd mübarizə aparır:
Hayk Koncoryan - Parlamentin spikeri seçkilərində uğursuzluğa düçar olan namizəd;
Vahaqn Aleksanyan - “Vətəndaş Müqaviləsi” Partiyasının sədr müavini;
Arman Yeqoyan - Avropaya inteqrasiya daimi komissiyasının sədri;
Arusyak Culhakyan - Dövlət-hüquq məsələləri daimi komissiyasının sədri;
Alxas Qazaryan - deputat.
Xatırladaq ki, ötən həftə hakim partiya parlamentin sədri vəzifəsinə Ruben Rubinyanın namizədliyini seçib. Jurnalistlərə açıqlama verən R. Rubinyan nəticədən məmnun olduğunu və bu etimadın onun üzərinə böyük məsuliyyət qoyduğunu bildirib:
"Məndən əvvəlki sədr (Alen Simonyan - red.) və ya digər namizədlərdən daha yaxşı işləyəcəyimi deyə bilmərəm. Hesab edirəm ki, cənab Simonyan çox yaxşı parlament sədri olub, cənab Koncoryan isə parlaq fraksiya rəhbəri idi".
“AzPolitika.info”

Şərhlər