Ukraynaya qarşı aparılan müharibədə iştirak etmiş ən azı 1305 keçmiş hərbçi və könüllü Rusiya dövlət idarəçiliyi sistemində müvafiq vəzifələrə yerləşdirilib. "Meduza" nəşrinin apardığı araşdırma və topladığı məlumat bazasına əsasən, bu şəxslər ümumilikdə 1311 post (yerli/regional seçkilər və ya dövlət təyinatları vasitəsilə) əldə ediblər.
Jurnalistlərin rəsmi qaynaqlar, MSK saytları və regional media üzərindən topladığı bu rəqəmlərin minimum göstərici olduğu, real statistikanın daha yüksək olduğu bildirilir.
Araşdırma Kremlin müharibə iştirakçılarından "yeni elita" formalaşdırmaq xəttinin hər il daha da sürətləndiyini göstərir:
2023-cü il: 45 təyinat
2024-cü il: ən azı 201 təyinat
2025-ci il: ən azı 754 təyinat
2026-cı il (Yanvar-May): ən azı 311 təyinat
Təyinatların yarıya yaxını – 656-sı bələdiyyə (bələdiyyə deputatlığı və icra strukturları), 570-i regional (vilayət parlameti və qubernatorluqlar), 85-i isə federal səviyyəli dövlət orqanlarının payına düşür. Daha 20 nəfər isə müxtəlif təhsil müəssisələrində vəzifələndirilib.
Nəşrə danışan yüksək rütbəli regional məmurlar qeyd ediblər ki, keçmiş hərbçilər bir qayda olaraq "ciddi büdcə axınları və strateji idarəetmə" tələb edən sahələrə buraxılmırlar. Onlara daha çox gənclərlə iş, "vətənpərvərlik tərbiyəsi" və veteran təşkilatları ilə əlaqəli profillər həvalə olunur.
Müharibə iştirakçılarının vəzifələrə gətirilməsində Moskva vilayəti (76), Başqırdıstan (41) və Tatarıstan (37) liderlik edir. Ən az təyinat isə Ukraynanın işğal altında olan Donetsk (16), Luqansk (15), Xerson (4) və Zaporojye (4) vilayətlərində qeydə alınıb.
Vəzifə alan 1305 nəfərin daxili mənsubiyyəti isə belədir:
447 nəfər – əvvəllər də dövlət və ya bələdiyyə sistemində işləmiş şəxslər;
303 nəfər – peşəkar hərbi keçmişi olanlar;
98 nəfər – güc strukturlarının (DİN, FTX və s.) keçmiş əməkdaşları.
Ekspertlərin fikrincə, bu tendensiya hələ böyüməkdə davam edəcək. Belə ki, artıq indidən ən azı 1326 müharibə iştirakçısı Rusiyada 2026-cı ilin sentyabrında keçiriləcək növbəti yerli və regional seçkilərdə namizəd olacağını rəsmən bəyan edib.
Rasim
“AzPolitika.info”

Şərhlər