Ukraynanın Rusiya neft emalı zavodlarına (NEZ) ardıcıl zərbələr endirməsi qarşı tərəfdə ciddi yanacaq böhranına yol açıb. 

Artıq Rusiyanın bir sıra regionlarında yanacaq satışının məhdudlaşdırılması, bəzi yanacaq doldurma məntəqələrinin bağlanması, uzun növbələr və kəskin qıtlıq müşahidə olunur.İqtisadçı ekspert Elfəniz Əmirov mövcud vəziyyəti və Rusiyanı gözləyən təhlükələri "AzPolitika" üçün şərh edərək bildirib ki, problem artıq Kreml tərəfindən də rəsmən etiraf olunur.Ekspertin sözlərinə görə, Rusiyada yanacaq istehsalında azalma tendensiyası hələ bir neçə il əvvəldən başlayıb. Belə ki, Rusiya 2024-cü ildə 41,1 milyon ton avtomobil benzini istehsal edib ki, bu da 2023-cü ilin göstəricisindən (43,9 milyon ton) 6 faizdən çox azdır. İstehsal olunan benzinin təxminən 87 faizi daxili bazarda satılmış, ixrac isə ümumi istehsalın təxminən 13 faizini (5,76 milyon ton) təşkil etmişdi.2025-ci il üzrə illik benzin istehsalına dair rəsmi açıq statistika verilməsə də, rəqəmlər böhranın miqyasını aydın göstərir. Elfəniz Əmirov qeyd edib ki, 2026-cı ilin iyununda Rusiyada gündəlik benzin istehsalı təxminən 90 min tona düşüb. Bu isə 2025-ci ilin iyun ayının orta gündəlik istehsalı ilə müqayisədə təxminən 25 faiz azalma deməkdir.

Vəziyyətdən çıxış yolu üçün daxili bazarı qorumağa çalışan Kreml benzin ixracını məhdudlaşdırır, dizel ixracına qadağanı müzakirə edir və Qazaxıstandan təxminən 50 min ton AI-92 benzini idxal etməyi nəzərdən keçirir. 

Lakin iqtisadçı vurğulayır ki, bu addımlar böhranı aradan qaldırmaq gücündə deyil: "Məsələ burasındadır ki, illik 41,1 milyon ton benzin istehsalı fonunda Qazaxıstandan nəzərdə tutulan 50 min tonluq idxal çox kiçik bir həcmdir və Rusiyanın dərdinə dərman ola bilməz. Digər alternativ kimi Belarusdan idxal variantı da problemi həll etmir. Belarus özünün benzin istehsalı həcmini rəsmi açıqlamasa da, ölkənin iki neft emalı zavodu birlikdə ildə təxminən 18 milyon ton neft emal edir. Adətən neft emalı həcminin maksimum 30 faizədək hissəsi benzin ola bilir ki, bu da Belarusun potensialının nə qədər yetərsiz olduğunu göstərir. Konkret fakt kimi qeyd edim ki, Belarus 2025-ci ilin sentyabrında Rusiyaya cəmi 49 min ton benzin göndərə bilmişdi. Bu isə Rusiyadakı böhranı aradan qaldıracaq miqyasdan çox uzaqdır".

Elfəniz Əmirov xəbərdarlıq edir ki, Ukraynanın Rusiya NEZ-lərinə zərbələri davam edərsə, benzin istehsalındakı azalma daha da dərinləşəcək və yanacaq qıtlığı ölkənin bütün regionlarına yayılacaq: "Bu prosesin nəticəsi hazırda yanacaq doldurma məntəqələrində və mülki avtomobillərdə hiss olunsa da, növbəti mərhələdə daha ağır fəsadlar verəcək. Yanacaq qıtlığı birbaşa hərbi logistikaya, qoşunların təminatına və cəbhənin dayanıqlılığına ciddi zərbə vura bilər. Bütün bunlarla yanaşı, prosesin Rusiya daxilində yarada biləcəyi iqtisadi və sosial çaxnaşma riskləri də olduqca yüksəkdir".

Rasim

"AzPolitika.info"