Dünən Monakoda yaşayış binasında güclü partlayış baş verib.
“AzPolitika” xəbər verir ki, partlayış barədə "Le Figaro" qəzeti məlumat yayıb və qeyd edib ki, hadisə ukraynalı oliqarx Vadim Yermolayevə qarşı sui-qəsd məqsədilə törədilib.
Partlayışdan bir müddət əvvəl kameralara düşən naməlum bir kişi, binanın giriş qarşısına çanta qoyaraq qonşu Bozoleil şəhərinə istiqamət alıb. Partlayıcı qurğu insanlar binaya girərkən işə düşüb.
7 nəfər yaralanıb. Məlum ki, onların arasında ukraynalı tanınmış iş adamı Vadim Yermolayev, onun həyat yoldaşı və 13 yaşlı oğlu da var. İş adamı və həyat yoldaşı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır. Monakonun prokuroru Tibo Stefan yeniyetmənin həyatı üçün təhlükə olmadığını bildirib.
"Bu, çox güman ki, terror aktıdır. Bildiyim qədəri ilə, bu, Knyazlığın tarixində ilk belə haldır", - deyə Monako Baş naziri Kristof Mirman bildirib.
O əlavə edib ki, ilkin məlumatlara görə, partlayıcı qurğu dağıdıcı gücünü artırmaq üçün boltlar və metal kürəciklərlə doldurulub. Hüquq-mühafizə orqanları hazırda şübhəlini axtarır.
Vadim Yermolayev ukraynalı iş adamı, "Alef" ticarət və istehsal korporasiyasının təsisçisi və Dneprdəki ən böyük tikinti oliqarxlarından biri sayılır. O, müntəzəm olaraq "Forbes" jurnalının Ukraynanın 100 ən varlı adamı siyahısında yer alıb. 2019-cu ildə Yermolayev Ukrayna pasportundan imtina edib və Kipr vətəndaşlığını qəbul edib.
2023-cü ilin dekabrında Ukrayna Prezidenti Volodimir Zelenski Yermolayevə qarşı 10 il müddətinə fərdi sanksiyalar tətbiq edib. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, onun şirkətləri ilhaq edilmiş Krımda alkoqol biznesilə məşğul olub və Rusiya büdcəsinə vergi ödəyib.
“AzPolitika.info”


Şərhlər