"Sertifikasiya imtahanında iştirak edən 10 müəllimdən 9-u uğur əldə edib”.
"AzPolitika" xəbər verir ki, bu fikri elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə səsləndirib.
Nazir bildirib ki, 2022–2026-cı illər ərzində təşkil olunan sertifikatlaşdırma imtahanlarında ümumilikdə 104 435 müəllim iştirak edib. Onun sözlərinə görə, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə sertifikatlaşdırmanın hər iki mərhələsi yekunlaşıb. Tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üzrə isə prosesin birinci mərhələsi başa çatıb.
Emin Əmrullayev qeyd edib ki, ölkə üzrə demək olar bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesindən keçib. O, hazırda təhsil sistemində çalışan hər beş müəllimdən birinin yeni işə qəbul olunan müəllim olduğunu da diqqətə çatdırıb.
Nazirin sözlərinə görə, sertifikatlaşdırmada uğur qazanan 60 818 müəllimin əmək haqqına 10 faiz, yüksək nəticə göstərən 30 590 müəllimin əmək haqqına isə 35 faiz əlavə edilib. Beləliklə, ümumilikdə 91 408 müəllim maaş artımından yararlanıb.
Eyni zamanda, hər iki imtahan cəhdində uğur əldə edə bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verildiyi bildirilib.
"AzPolitika.info"

Şərhlər