Azərbaycanda fərdi yaşayış evlərinə tələbat artsa da, bir çox vətəndaş ev tikintisini öz nəzarətində həyata keçirməkdənsə, bu işi tikinti şirkətlərinə həvalə etməyə üstünlük verir. Tikinti şirkətləri layihələndirmədən başlayaraq tikintinin tamamlanmasına qədər bütün mərhələləri idarə etdiklərini və müştəriyə hazır ev təqdim etdiklərini bildirirlər. Bu isə həm vaxt, həm də təşkilati baxımdan müəyyən üstünlüklər yaradır. Lakin son illərdə tikinti sahəsində baş verən müxtəlif problemlər, yarımçıq qalan layihələr və keyfiyyətlə bağlı şikayətlər vətəndaşları düşündürür.
Bəs tikinti şirkətlərinə ev tikdirmək nə dərəcədə etibarlıdır? Şirkət seçərkən hansı məqamlara diqqət yetirilməlidir? Müqavilə bağlanarkən vətəndaşların hüquqları necə qorunur? Tikinti prosesində yarana biləcək risklərdən necə sığortalanmaq mümkündür?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son illərdə vətəndaşlarla tikinti şirkətləri arasında yaranan mübahisələrin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Onun sözlərinə görə, hazırda məhkəmələrdə bu istiqamətdə çoxsaylı çəkişmələr davam edir.
Ekspert hesab edir ki, vətəndaşlar tikinti şirkəti seçərkən yalnız qiymət amilinə üstünlük verməməlidirlər: “Şirkətin bazardakı nüfuzu, təcrübəsi, maddi-texniki bazası və fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulması əsas meyarlardan biri olmalıdır. Bazarda elə şirkətlər var ki, onların müasir texniki avadanlıqları, böyük ofisləri mövcuddur, fəaliyyəti şəffaf şəkildə təşkil olunub və bütün ödənişlər rəsmi köçürmə yolu ilə həyata keçirilir. Bu baxımdan həmin şirkətlərlə əməkdaşlıq daha etibarlı hesab oluna bilər”.
Bununla yanaşı, ekspert qeyd edib ki, belə şirkətlərin sayı bazarda çox olmadığından və rəqabət zəif olduğundan bəzi hallarda qiymətlər süni şəkildə yüksək olur. O, vətəndaşlara qərar verməzdən əvvəl bir neçə şirkətdən təklif almağı tövsiyə edib: “Ən azı bir neçə illik təcrübəsi olan şirkətlərdən təkliflər alınmalı, sonra müqayisə aparılaraq seçim edilməlidir. İnsanlar 2-3 min manat vergi yükündən yayınmaq üçün nağd ödənişə üstünlük verməməlidir. Daha təhlükəsiz variant ödənişlərin köçürmə yolu ilə həyata keçirilməsidir və bu məsələlər müqavilədə dəqiq şəkildə əks olunmalıdır.”
R.Osmanlı əlavə edib ki, müqavilə bağlanarkən hüquqşünas dəstəyindən istifadə olunması gələcək problemlərin qarşısını ala bilər:
“Bəzən şirkətlər vətəndaşa premium təmir vəd edir, amma iş yekunlaşanda görünür ki, ortada premium keyfiyyətdən əsər-əlamət yoxdur. Hətta bəzi hallarda görülən iş ekonom sinif standartlarına belə uyğun gəlmir. Buna görə vətəndaşlar müqavilə şərtlərinə və texniki detallara xüsusi diqqət yetirməlidirlər.”
Oğuz Ayvaz
“AzPolitika.info"

Şərhlər