Azərbaycanda qeyri-neft özəl sektorunda fəaliyyət göstərən sahibkarlar üçün mühüm maliyyə güzəşti və dəstək mexanizmi tətbiq olunacaq. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.
Bu barədə tanınmış iqtisadçı, millət vəkili Vüqar Bayramov məlumat verib.
İqtisadçının sözlərinə görə, yeni dəyişikliklər neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanı yaradacaq. Bu addım sahibkarların depozit hesablarındakı dondurulmuş vəsaitlərdən istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Sahibkarların maliyyə yükü necə azalacaq?
Vüqar Bayramov qeyd edib ki, indiyə qədər bir sıra hallarda sahibkarın ƏDV depozit hesabında sərbəst vəsaiti olsa da, qanunvericilik imkan vermədiyi üçün ondan sosial ödənişlər (məcburi dövlət sosial sığorta haqları) üçün istifadə edə bilmirdi: "Nəticədə, sahibkarın passiv vəsaitinin olmasına baxmayaraq, o, digər dövriyyə resurslarını sosial ödənişlərə yönəltməli olurdu. Bu isə vəsaitlərin səmərəli istifadəsi baxımından arzuolunan deyildi. Hətta bir sıra hallarda dövriyyə vəsaiti çatışmazlığı səbəbindən iş adamları sosial ödənişləri vaxtında yerinə yetirməkdə çətinlik çəkirdilər."
Millət vəkili vurğulayıb ki, yeni qaydalar vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə çevikliyini artıracaq, sosial öhdəliklərin icrası üçün əlavə maliyyə mənbəyi yaradacaq və qeyri-neft özəl sektorunun inkişafına birbaşa dəstək olacaq.
Yeni qayda nə vaxtdan qüvvəyə minir?
Yeni mexanizm sahibkarlara maliyyə idarəetməsində geniş seçim imkanı tanıyacaq. Əgər biznes subyektinin depozit hesabında kifayət qədər vəsait varsa, onun dövriyyədəki aktiv pullarını sosial ödənişlərə xərcləməsinə ehtiyac qalmayacaq.
Təklif olunan yeni qaydalar parlamentdə təsdiq olunduqdan sonra 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə qüvvədə olacaq.
Rasim
"AzPolitika.info"

Şərhlər