Ukrayna ilə İsveç arasında hərbi-haviaziya sahəsində mühüm müqavilə imzalanıb. Kiyev rəhbərliyi İsveçdən ən son modifikasiyaya malik 16 ədəd "JAS 39 Gripen E" qırıcısı alacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi bəyanatla çıxış edib. Dövlət başçısının sözlərinə görə, təyyarələrlə yanaşı, Ukrayna geniş avadanlıq paketi, texniki yardım və logistik dəstək də əldə edəcək.
"AzPolitika" xəbər verir ki, əldə olunmuş ilkin razılaşmalara əsasən, Ukrayna Hərbi Hava Qüvvələri artıq 2027-ci ilin əvvəlində ilk olaraq 16 ədəd "Gripen C/D" model qırıcıları təhvil alacaq.
"JAS 39 Gripen" qırıcılarının "E" modifikasiyası öz sinfində ən yeni nəsil döyüş təyyarəsi hesab olunur. Bu hərbi təyyarələrin əsas üstünlükləri və texniki göstəriciləri aşağıdakılardır:
Daha güclü mühərriklə təchiz olunublar;
Uçuş məsafəsi əhəmiyyətli dərəcədə artırılıb;
Ən müasir radiolokasiya (radar) sistemlərinə malikdirlər;
Müharibə şəraitində unikal imkana – cəmi 400 metr uzunluğunda olan qeyri-hamar, kələ-kötür və müvəqqəti uçuş-enmə zolaqlarından belə rahatlıqla istifadə etmək qabiliyyətinə sahibdirlər.
Ukrayna Prezidenti həmçinin İsveçin müdafiə naziri Pol Yonson ilə ikitərəfli müdafiə əməkdaşlığını və proqramın detallarını müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Kiyev və Stokholm arasında bu sahədə əməkdaşlıq yeni deyil. 2025-ci ildə Ukrayna və İsveç ümumilikdə 150 ədədə qədər "JAS 39 Gripen E" qırıcısının alına bilməsini nəzərdə tutan Niyyət Sazişi imzalayıblar.
Ümumi dəyəri təxminən 10 milyard dollar qiymətləndirilən bu nəhəng proqram 10–15 illik bir dövrü əhatə edir. Sənəd təkcə qırıcıların satışını deyil, həm də ukraynalı pilotların hazırlanmasını və Ukraynada bu təyyarələrə xidmət göstərəcək birgə texniki bazanın yaradılmasını nəzərdə tutur.
Xatırladaq ki, ukraynalı pilotlar "Gripen" qırıcılarında ilkin təlimlərə hələ 2023-cü ilin avqust ayından etibarən başlayıblar. Ekspertlərin fikrincə, bu qırıcıların Ukrayna ordusunun arsenalına daxil olması hava məkanında qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilər.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər