Rusiya siyasi elitasının ən qapalı və nüfuzlu fiqurlarından biri, uzun illər Vladimir Putinin ən yaxın silahdaşı olmuş keçmiş Müdafiə naziri və Prezident Administrasiyasının sabiq rəhbəri Sergey İvanov 73 yaşında qəflətən vəfat edib. 

Onun ölüm xəbəri Rusiya ictimaiyyətində və xarici dairələrdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bu hadisə SSRİ-nin son dövrlərindəki "lafet yarışları"nı (yaşlı sovet rəhbərlərinin bir-birinin ardınca ölməsi və dəfni) xatırladan yeni bir epoxanın başlanğıcı kimi qiymətləndirilir.

"AzPolitika" xəbər verir ki, iyunun 30-da Moskvada, Troyekurovsk qəbiristanlığında dəfn edilən İvanovla vida mərasiminə Rusiya Prezidenti Vladimir Putin şəxsən qatılıb. 

Rəsmi məlumatlara görə, olduqca gərgin iş qrafikinə rəğmən, Putin tabutun başında 20 dəqiqədən çox dayanıb və mərhumun ailəsinə başsağlığı verib. Siyasi şərhçilər bunu Putinin öz həmyaşıdına və keçmiş kəşfiyyatçı dostuna göstərdiyi sonuncu xüsusi ehtiram kimi dəyərləndirirlər.


Sergey İvanov sadəcə sıravi bir məmur deyil, Putinin Sankt-Peterburq DTK (KGB) idarəsindən bəri ən yaxın dostu idi. Hətta vaxtilə Putinin onun haqqında "Sergey mənə qardaş kimidir" dediyi məlumdur.

İvanovun ölümü Rusiya blogerləri və siyasi mühacirətdə olan ekspertlər tərəfindən fərqli rakurslardan şərh olunur. Ekspertlər xatırladır ki, 2008-ci ildə Putin prezidentlik müddəti bitərkən öz yerinə xələf kimi məhz Sergey İvanovu hazırlayırdı. Lakin son anda o, risk etməyərək daha zəif və idarəolunan Dmitri Medvedevə üstünlük verdi. Siyasi analitik Konstantin Borovoy iddia edir ki, Putin İvanovun kəşfiyyat mənşəli müstəqilliyindən və proqnozlaşdırıla bilməməsindən ehtiyat edirdi.


Rusiya hüquq müdafiəçisi Mariya Arxipova maraqlı bir iddia irəli sürüb. Onun sözlərinə görə, Sergey İvanov daxilən "ideoloji kommunist" olub və SSRİ-nin bərpasına çalışıb. Lakin o, Ukrayna ilə qanlı müharibənin əleyhinə çıxıb, məsələnin daxili siyasi rıçaqlarla həllini dəstəkləyib. Məhz bu prinsipial fərqliliyə görə o, son illərdə real hakimiyyətdən uzaqlaşdırılaraq "təbiəti mühafizə, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndə" kimi simvolik bir posta gətirilmişdi.

Keçmiş kəşfiyyatçının karyerasında və xarakterində köklü dəyişiklik yaradan hadisə isə 2005-ci ildə baş verib. O zaman Müdafiə naziri olan İvanovun oğlu Aleksandr idarə etdiyi avtomobillə piyada keçidində 68 yaşlı qadını vuraraq öldürmüşdü. Nazir statusundan istifadə edilərək cinayət işi ört-basdır edilsə də, bu hadisə ailənin nüfuzuna ağır zərbə vurdu. Siyasi şərhçi Sergey Aslanyanın sözlərinə görə, bu hadisədən sonra İvanov "radarlardan itdi", gizli kəşfiyyatçı üslubunda kölgəyə çəkildi və iddialarından vaz keçdi.

Fərqli düşərgələrdən olan şərhçilər İvanovu həm də maraqlı şəxsi keyfiyyətləri ilə xatırlayırlar. Onun idmana, xüsusən basketbola (VTB Vahid Liqasının yaradıcılarından olub) və futbola böyük sevgisi, uzaq Mənoqo səfərində sıravi əsgərləri stadionda ətrafına toplaması idman jurnalistlərinin yaddaşında müsbət iz buraxıb. Digər tərəfdən, Rusiya kəşfiyyatının amansız generallarından sayılsa da, son illərdə uzaq şərq bəbirlərinin xilası layihələrinə rəhbərlik etməsi onun obrazına müəyyən bir "insanilik" qatmışdı.

Müxalif jurnalist Yuri Şmukler qeyd edir: "İvanovun ölümü ilə Rusiya rejimi özünün sonuncu 'insanabənzər' parçasını da itirdi. Kremldə artıq rasional düşünən köhnə qvardiya tükənir. İndi ölkə tamamilə radikal və aqressiv qüvvələrin nəzarətinə keçir".

Ölüm səbəbi rəsmən açıqlanmayan 73 yaşlı generalın vəfatı, Kremldə daxili güc balanslarının yenidən qurulacağından və Putinin ətrafının sürətlə seyrəldiyindən xəbər verir.

Rasim Əliyev

"AzPolitika.info"