Səhiyyədə rəqəmsal transformasiya dünyada ən sürətlə inkişaf edən istiqamətlərdən biridir. Süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları və fərdi tibbi məlumatların inteqrasiyası sayəsində artıq xəstəliklərin diaqnostikası və müalicəsində tamamilə yeni yanaşmalar formalaşır. Bu yeniliklər arasında ən perspektivli texnologiyalardan biri də Tibbi Rəqəmsal Əkiz Sistemidir(TRƏS) Ekspertlər hesab edirlər ki, yaxın illərdə bu texnologiya həm həkimlərin qərarvermə prosesini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək, həm də vətəndaşların tibbi xidmətlərə çıxışını asanlaşdıraraq daha dəqiq, operativ və fərdiləşdirilmiş səhiyyə xidmətlərinin göstərilməsinə imkan verəcək.

İlkin məlumata görə, bu sistem elektron tibbi qeydlər, laborator analiz nəticələri, radioloji görüntülər (KT, MRT, USM və s.), genetik və genom məlumatları, insan bədənində baş verən prosesləri qeyd edən ağıllı saatlar və digər geyilə bilən cihazlardan əldə olunan göstəricilər, eləcə də həyat tərzi və davranış məlumatları əsasında formalaşdırılır. Rəqəmsal əkiz insan orqanizmində baş verən dəyişiklikləri davamlı şəkildə izləyir və sistemə yeni məlumatlar daxil olduqca avtomatik yenilənir.

Müxtəlif mənbələrdən toplanan məlumatlar süni intellekt alqoritmləri vasitəsilə təhlil edilir və xəstənin virtual modeli yaradılır. Bu model üzərində müxtəlif klinik ssenarilər sınaqdan keçirilə bilir.

Belə ki, müxtəlif dərmanların təsiri əvvəlcədən qiymətləndirilə, əməliyyat riskləri modelləşdirilə, xəstəliyin inkişaf trayektoriyası proqnozlaşdırıla, müalicənin mümkün nəticələri hesablanaraq ən optimal seçim müəyyən edilə bilər. Bununla da həkimlər real müdaxilədən əvvəl qərarlarını virtual mühitdə yoxlamaq imkanı əldə edirlər.

Mütəxəssislərin fikrincə, TRƏS-in əsas üstünlüklərindən biri fərdiləşdirilmiş müalicə imkanlarının genişlənməsidir. Hər bir insanın orqanizmi fərqli olduğundan eyni müalicə üsulu müxtəlif xəstələrdə fərqli nəticələr verə bilir. Bu baxımdan Tibbi Rəqəmsal Əkiz Sistemi konkret xəstənin genetik xüsusiyyətlərini, həyat tərzini, yanaşı xəstəliklərini və əvvəlki müalicə tarixçəsini nəzərə alaraq onun üçün ən uyğun müalicə strategiyasının seçilməsinə şərait yaradır.


Bundan başqa, sistem sağlamlıq göstəricilərindəki ən kiçik dəyişiklikləri belə aşkar edərək gələcəkdə yarana biləcək xəstəlik risklərini əvvəlcədən müəyyənləşdirə bilir. Bu isə profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və səhiyyə xərclərinin azalmasına kömək edə bilər.

Bildirilir ki, texnologiya cərrahi müdaxilələr zamanı da mühüm üstünlüklər yaradır. Cərrahlar əməliyyatdan əvvəl xəstənin rəqəmsal modeli üzərində müxtəlif əməliyyat ssenarilərini sınaqdan keçirə, riskləri qiymətləndirə və ən təhlükəsiz yanaşmanı müəyyən edə bilirlər. Bu isə əməliyyatların uğur faizinin artırılmasına və mümkün ağırlaşmaların minimuma endirilməsinə xidmət edir.

Hazırda Tibbi Rəqəmsal Əkiz Sistemi kardiologiya, onkologiya, neyrocərrahiyyə, transplantologiya, reanimasiya və intensiv terapiya, diabetin idarə olunması, ictimai sağlamlıq və epidemiologiya kimi sahələrdə tətbiq olunur. Xüsusilə ürək-damar xəstəlikləri və xərçəngin müalicəsi istiqamətində aparılan beynəlxalq tədqiqatlar bu texnologiyanın yüksək effektivliyə malik olduğunu göstərir. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə sistem nadir xəstəliklərin diaqnostikası, fərdi dərman seçimi və uzaqdan tibbi monitorinq kimi sahələrdə də geniş istifadə ediləcək.

Bununla yanaşı, texnologiyanın geniş tətbiqi üçün bir sıra mühüm məsələlərin həlli vacib sayılır. Bunlara tibbi məlumatların məxfiliyinin qorunması, kibertəhlükəsizlik risklərinin minimuma endirilməsi, süni intellekt tərəfindən verilən qərarların klinik cəhətdən etibarlılığının təsdiqlənməsi, hüquqi və etik mexanizmlərin yaradılması, həmçinin yüksək səviyyəli rəqəmsal və texniki infrastrukturun formalaşdırılması daxildir.

Mütəxəssislərin sözlərinə görə, hazırda vətəndaşlar müxtəlif tibb müəssisələrinə müraciət etdikdə çox vaxt əvvəlki müayinələrin nəticələrini, analiz cavablarını və digər tibbi sənədləri yenidən təqdim etməli olurlar. Yeni sistem isə bütün tibbi məlumatların vahid elektron platformada toplanmasını təmin etməklə bu problemi aradan qaldırmağa imkan verəcək.

Qeyd olunur ki, sistem daxilində məlumat mübadiləsi beynəlxalq praktikada geniş istifadə olunan FHIR (Fast Healthcare Interoperability Resources) standartlarına uyğun şəkildə həyata keçiriləcək. Bu isə müxtəlif tibb müəssisələrinin informasiya sistemləri arasında məlumat mübadiləsini asanlaşdıracaq, həkimlərin pasiyentin tibbi tarixçəsinə operativ çıxışını təmin edəcək, təkrar analiz və müayinələrin sayını azaldacaq, vaxt itkisini minimuma endirəcək və tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.

Sistemin mühüm komponentlərindən biri də “e-Randevu” xidmətidir. Bu xidmət vasitəsilə vətəndaşlar həkim qəbuluna onlayn qeydiyyatdan keçə, məsafədən videokonsultasiyalara qoşula, analiz cavablarını və müayinə nəticələrini elektron qaydada izləyə, tibbi tarixçələrinə istənilən vaxt çıxış əldə edə, həmçinin profilaktik müayinələr, peyvəndlər və planlı tibbi yoxlamalar barədə avtomatik bildirişlər ala biləcəklər.

Mütəxəssislər hesab edirlər ki, Tibbi Rəqəmsal Əkiz Sistemi təkcə səhiyyənin rəqəmsallaşdırılması istiqamətində növbəti addım deyil, həm də gələcəyin fərdiləşdirilmiş tibb modelinin əsas elementlərindən biridir. Bu texnologiyanın geniş tətbiqi nəticəsində diaqnostikanın dəqiqliyinin artırılması, müalicənin effektivliyinin yüksəldilməsi, xəstəxanalarda xidmət keyfiyyətinin yaxşılaşdırılması və vətəndaşların sağlamlıq xidmətlərindən daha rahat və operativ istifadə imkanlarının genişlənəcəyi gözlənilir. Bu baxımdan rəqəmsal əkiz sistemi gələcək illərdə səhiyyə sektorunda ən mühüm innovativ həllərdən biri kimi qiymətləndirilir.

E. Bəyməmmədli

"AzPolitika.info"