“Sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən bir-iki həftə ərzində ictimaiyyətə təqdim edəcəyik”.
Bunu APA-ya, Trend-ə və “Xəzər” televiziya kanalında müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Amma artıq ümumi mənzərə formalaşıb. Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlər maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10 faiz, bir qisminin maaşı isə 35 faiz artırılır, – nazir vurğulayıb.
Emin Əmrullayev deyib ki, məktəb əməkdaşlıq edən bir mühitdir. Bunun üçün də müəllim məktəbdə daha çox vaxt keçirməlidir: “Dərsdən başqa müəllimin kifayət qədər işi var ki, biz buna görə müəllimə ayrıca maaş ödəmirik. Müəllimin əməkhaqqısının artırılmasına saat hesabı əsasda yanaşanda buna nail olmaq o qədər də asan deyil. Çünki hər bir müəllimə 20-24 saat dərs saatı vermək olmur. Tam ştatlı müəllim məsələsi həm müəllimin işinin keyfiyyətinin artırılması, həm də əməkhaqqısının artırılması baxımından vacib islahat ola bilər. Amma bu, dediyim kimi, hazırda müzakirə olunan məsələdir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı təkliflər olacaq. Müəllimin əməkhaqqısı bu şərtlər çərçivəsində orta əməkhaqqından yüksək olmalıdır”.
Qeyd edək ki, iyunun 17-si müəllimlərin sertifikasiya imtahanına başlanılıb. İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.
Xatırladaq ki, müsahibə bu gün saat 20:00-da APA İnformasiya Agentliyində, Trend İnformasiya Agentliyində və “Xəzər” televiziya kanalında yayımlanacaq.

Şərhlər