İşçilərini süni intellektlə əvəz edən bir çox şirkət bununla səhvə yol verdiklərini etiraf ediblər.
”AzPolitika” xəbər verir ki, “CNBC”-nin məlumatında belə deyilir.
Məsələn, qeyd olunur ki, “Ford” yüzlərlə təcrübəli mühəndisi yenidən işə götürdüyünü açıqlayıb. Çünki süni intellekt əsasında çalışan avtomatlaşdırılmış sistemlər keyfiyyət problemlərini həll edə bilməyiblər və indi bu işi yenidən mühəndislər görəcəklər.
“Commonwealth Bank of Australia” və proqram təminatı nəhəngi IBM də oxşar yanaşma tətbiq edib. Keçən il bank 40-dan çox müştəri xidmətləri nümayəndəsini işdən çıxarıb və onları süni intellektlə işləyən səs botu ilə əvəz edib. Lakin süni intellekt sistemi iş yükünün öhdəsindən gələ bilməyib, bu da zənglərin artmasına və İnsan Resursları siyasətinin yenidən nəzərdən keçirilməsinə səbəb olub. Avstraliya Maliyyə İşçiləri Həmkarlar İttifaqı süni intellektə görə ixtisarların ləğvini böyük qələbə adlandırıb.
“Orgvue”-nin hesabatına görə, iri biznes sahiblərinin 39 faizi süni intellekt tətbiqi səbəbindən işçi qüvvəsini azaltsa da, onların 55 faizi bununla səhv etdiklərini etiraf ediblər.
“AzPolitika.info”

Şərhlər