Rusiya valyuta bazarı iyun ayını son dörd ilin ən yüksək aylıq enişi ilə başa vurub.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının da yazdığı kimi, yuan/rubl məzənnəsi ay ərzində 10,8% artaraq 2022-ci ilin dekabr ayından bəri ən yüksək göstəriciyə çatıb. 1 iyunda 10,48 rubl olan məzənnə 30 iyunda 11,62 rubla qədər yüksəlib.
Birjadankənar bazarda dollar ay ərzində 10,75% artaraq 70,86 rubldan 78,69 rubla, avro isə 8,3% artaraq 89,8 rubla çatıb. Dolların artım faizi 2022-ci ilin dekabr ayından, avronun isə 2023-cü ilin iyun ayından bəri ən yüksək göstərici olub.
“The Moscow Times”-a danışan “İvolga Capital”ın baş direktoru Andrey Xoxrinin dediyi kimi, "Rubl həyəcan təbili çalır".
Rusiya banklarının birindəki diler “Reuters” agentliyinə bildirib ki, iyun ayının son həftəsində bazarda xarici valyutaya ciddi tələbat yaranıb. O hesab edir ki, valyuta məcburi benzin idxalını ödəmək üçün alınır və bu idxal çatışmazlığı demək olar ki, bütün Rusiya bölgələrinə təsir edib: "Bazara Ukraynanın Rusiya neft emalı zavodlarına daha aktiv hücumları, yanacaqdoldurma məntəqələrindəki növbələr, münaqişənin sonu ilə bağlı ümumi pessimizm, səhm və istiqraz qiymətlərinin düşməsi təsir edib. Bu, biznes və ev təsərrüfatları tərəfindən təhlükəsiz variant kimi xarici valyuta alışının artmasına səbəb olur".
Bundan əlavə, İranda münaqişənin bitməsindən bəri neft qiymətləri kəskin şəkildə aşağı düşüb. “Bloomberg”-in məlumatına görə, Rusiyanın Urals markalı xam neftinin bareli 50 dollardan aşağı qiymətə satılır, üstəlik Mərkəzi Bank Milli Rifah Fondunu doldurmaq üçün birjada xarici valyuta alışını artırır. Bütün bunlar bazarda valyuta çatışmazlığı yaradır.
Əgər Rusiya daxili ehtiyacları ödəmək üçün aktiv şəkildə benzin idxal edərsə, bu, dolları bir qədər də bahalaşdıracaq. Üstəlik, ABŞ Rusiya neftinin satışı üçün lisenziyanın müddətini uzatmayıb. Bu, Rusiyanın Urals markalı xam neftinə endirimi genişləndirə və ixrac gəlirlərini azalda bilər.
“Alfa Bank” proqnozlaşdırır ki, dolların məzənnəsi ilin sonuna qədər 87 rubla qədər yüksələ bilər. Bank hesab edir ki, dollar 2027-ci ildə 95 rubla qədər yüksələcək. Lakin qeyd edək ki, müasir dünyada, xüsusilə də Rusiyada vəziyyətin sürətlə dəyişdiyini nəzərə alsaq, ortaya daha bədbin proqnozlar çıxa bilər. Məsələn, kimsə bir neçə ay əvvəl Rusiyada yanacaq böhranı yaranacağını və benzinin, dizelin qiymətlərinin kəskin artacağını proqnozlaşdırmırdı. Odur ki, hadisələrin gözlənilməz axarından Rusiyada heç nə, o cümlədən rubl da sığortalanmayıb.
E.Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər