Azərbaycanda çoxsaylı qadın illərlə ev təsərrüfatının yükünü daşıyır, uşaqların tərbiyəsi və ailənin gündəlik qayğıları ilə məşğul olur. Ancaq onların gördüyü bu iş rəsmi əmək fəaliyyəti hesab edilmədiyi üçün əksəriyyəti sosial sığorta və pensiya imkanlarından yararlana bilmir. Bir sıra ölkələrdə isə evdar qadınların fəaliyyəti sosial təminat sistemində nəzərə alınır və onların sığorta haqları dövlət tərəfindən qarşılanır. Bu yanaşma ev əməyinin iqtisadi və sosial dəyərinin tanınması kimi qiymətləndirilir.
Bəs Azərbaycanda da evdar qadınların əmək fəaliyyəti rəsmi şəkildə tanına bilərmi? Dövlət tərəfindən sosial sığorta dəstəyi mexanizminin tətbiqi nə dərəcədə realdır? Belə bir addım sosial rifaha necə təsir göstərə bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən millət vəkili Fazil Mustafa deyib ki, əmək qanunvericiliyinə görə bu, konkret əmək müqaviləsi əsasında çalışan qadınlara şamil olunur.

Millət vəkili hesab edir ki, müasir dünyanın tətbiq etdiyi formaya uyğun olaraq evdar qadınların əməyi və onların ailə institutunun möhkəmlənməsindəki fədakarlığı müəyyən formada dəyərləndirilməlidir: “Təbii ki, qadınların sosial sığorta dəstəyi mexanizmi təkmilləşdirilə bilər. Bu kateqoriyadan olan qadınların əksəriyyəti də bunu gözləyir. Həmçinin pensiya yaşının müəyyən dərəcədə azaldılması istiqamətində tələblər də var. Bunların hamısı araşdırılmalı və elmi nəticələr əsasında həyata keçirilməlidir. Çünki burada ilk növbədə həmin kateqoriyadan olan qadınların sayı önəmlidir. Statistikanın dəqiqləşdirilməsinə ehtiyac var”.
F.Mustafa vurğulayıb ki, qadınların mümkün qədər işlə təmin olunması istiqamətində düşünülməlidir: “Çox sayda qadın var ki, diplomu olsa da, iş tapa bilmir və bunun sıxıntısını yaşayır. Biz ilk növbədə məşğulluq probleminin həlli istiqamətində düşünməliyik. Sosial yardım və yaxud sosial müavinət modellərinin təkmilləşdirilməsinə istənilən vaxt gedilə bilər, amma ilk növbədə iş yeri tapılmalıdır. Çünki qadınların xeyli hissəsi işləmək istəyir. Onların evə qapanması isə bəzən məcburiyyətdən irəli gəlir”.
Deputat qeyd edib ki, işləyən qadınların da xeyli hissəsi ailə və uşaq problemləri ilə məşğul olduqlarına görə qanunvericilikdə müəyyən yüngülləşdirici və imtiyazlı maddələrin olmasını arzulayırlar: “Ona görə də biz bu iki strategiyanı paralel şəkildə aparmalıyıq. Birinci istiqamət məşğulluqdur. Burada xüsusilə qadın sahibkarların sayı kifayət qədər azdır və qadınların iqtisadi həyatda müstəqil şəkildə iştirak etməsi ciddi problemlərlə müşayiət olunur.
Bu baxımdan hesab edirəm ki, məsələyə daha fərqli aspektdən yanaşılmalı və qadınlara qarşı iş yerlərində diskriminasiya hallarına diqqət yetirilməlidir. Ondan sonra pensiya yaşı və digər məsələlərə də baxmaq olar”.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər